Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda

  • 10 Okt 2019 12:00
  • 408 Baxış
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qondarma dostluq xartiyaları haqda
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev "Turquie News" nəşrinə müsahibə verib.

BakuPost.az həmin müsahibəni təqdim edir.

- Cənab səfir, sentyabrda Fransanın bir sıra departamentinin məhkəmələri bəzi yerli şəhərlərin Azərbaycanın işğal altındakı şəhərlərilə imzaladığı qondarma dostluq xartiyalarını ləğv edib. Erməni tərəfinin bu məsələyə münasibəti regional mətbuatda geniş işıqlandırılır. Bu məhkəmə qərarlarına sizin də münasibətinizi bilmək istərdik.

- Biz bu sənədlərin qanunsuzluğunu, Fransanın özünün milli qanunvericiliyini, eləcə də onun beynəlxalq və ikitərəfli öhdəliklərini kobud şəkildə pozduğunu lap əvvəldən bəyan etmişik. Onlar xüsusilə Azərbaycanla Fransa arasında 1993-cü il dekabrın 20-də Parisdə imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Sazişə ziddir. Çünki tərəflər məhz bu Sazişə əsasən, münasibətlərində suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə qarşılıqlı şəkildə riayət etmək öhdəliyi götürüb.

Bu, eyni zamanda, Fransanın milli qanunvericiliyinə, xüsusilə Fransa Konstitusiyasının 1, 3, 5, 14, 20, 52 və 72-ci maddələrinə, həmçinin yerli hakimiyyət orqanlarının ölkənin beynəlxalq öhdəliklərinə uymasını tələb edən Yerli hakimiyyətlərin fəaliyyətinə dair Ümumi Məcəlləyə ziddir.

Bundan başqa, həmin xartiyaların imzalanması Fransanın Ermənistanla Azərbaycan arasındakı münaqişənin nizamlanmasında balanslaşdırılmış və qərəzsiz mövqe tutmalı olan vasitəçi imicinə (o, problemin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədridir) də zərbə vurur. Bu mənada mən Fransanın 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında 822, 853, 874 və 884 saylı qətnamələrin qəbuluna səs verdiyini xatırlatmaq istərdim. Həmin qətnamələrdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, həmçinin onun beynəlxalq sərhədlərinin toxunulmazlığı birmənalı olaraq təsdiqlənir. Bu üzdən də hesab edirik ki, prefektlər və hakimlər qeyd etdiyiniz qərarlarda yalnız və yalnız qanunun aliliyinə əsaslanıblar. Bu, hər zaman ən yaxşı yanaşmadır.

- Bununla belə, sizi Fransanın Avropa və Xarici İşlər Nazirliyinə təzyiq göstərməkdə ittiham edirlər...

- Buna necə inanmaq olar? Yəni mən Avropa və Xarici İşlər Nazirliyinə zəng edir və deyirəm ki, “əgər bu xartiyaları ləğv etməsəniz, sizi cəzalandıracağıq?”.

- Əlbəttə ki, yox. Amma məsələn, əhəmiyyətli müqavilələrin imzalanmasından imtina və sair kimi təzyiq vasitələri ola bilər.

- Bunlar cəfəngiyyatdır. Bizim münasibətimizin tarixində ən böyük müqavilələr 2013-2015-ci illərdə imzalanıb. Bu, həmin qeyri-qanuni xartiyaların ardıcıl imzalandığı dövrdür. Məhz 2013-cü ilin iyunundan başlayaraq, Fransadakı bəzi yerli hakimiyyət orqanları Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aid olan və işğal edilmiş şəhərlərin separatçı nümayəndələrilə ümumilikdə 14 sənəd, saziş və əməkdaşlıq xartiyası imzalayıb. Bu sənədlərdən 8-i məhz 2013-2015-ci illərdə imzalanıb. Bu bilirsiniz hansı dövrdür? Həmin illərdə Azərbaycanla Fransa arasında dəyəri təqribən 2 milyard dollar olan müqavilələr imzalanıb və məhz həmin dövrdə iki ölkə arasındakı ticarət, investisiya dövriyyəsi ən yüksək səviyyəyə çatıb.

Bir sözlə, biz bu məsələləri bir-birinə bağlamırıq və bağlamayacağıq. Biz, sadəcə olaraq, hüquqi dövlətdən qanunvericiliyə hörmət olunmasını tələb edirik. Bundan başqa, dostluq xartiyalarını ləğv etmək səlahiyyəti Avropa və Xarici İşləri Nazirliyində deyil. Onları yalnız inzibati məhkəmələr, inzibati apellyasiya məhkəmələri tərəfindən və yalnız yerli hakimiyyət orqanları rəhbərlərinin fəaliyyətinə nəzarəti həyata keçirən prefektin tələbilə ləğv edilə bilər.

Beləliklə, Fransa inzibati məhkəmələri sözügedən “dostluq xartiyaları”nı Azərbaycanın ölkənin Avropa və Xarici İşlər Nazirliyinə guya təzyiq göstərməsilə ləğv etməyib. Onlar sadəcə, Fransa dövlətinin müstəsna səlahiyyəti olan xarici siyasətlə bağlı olduqları üçün ləğv edilib.

- Bəs bu ittihamlar haradan qaynaqlanır?

- Düşünürəm ki, bunun da cavabı aydındır. Bu, hakimlərə ermənilər və onların yerlərdəki müttəfiqləri tərəfindən edilən təzyiqləri gizlətmək cəhdindən başqa bir şey deyil. Onların mediaya təsiri böyükdür. Siz özünüz də müsahibənin əvvəlində sanki bizim mövqeyimizin, fikirlərimizin eşidilmədiyinə diqqət çəkdiniz. Əslində, qarşısı kəsilən bizik.

- Yeri gəlmişkən, bu yaxınlarda Lionda prefektin tələbi əsasında Vilörban və Şuşa şəhərləri arasında imzalanmış xartiyanın ləğvilə bağlı dinləmələr keçirilib. Vilörban Şəhər Şurasının nümayəndəsi Metğ Verje həmin dinləmələrdə deyib ki, “xartiya dostluğun və ümumi dəyərlərin paylaşılmasıdır və bu, Fransa Respublikasında da belədir”...

- Mən Vilörban Şəhər Şurasından soruşmaq istərdim: söhbət hansı “ümumi dəyərlərin paylaşılması”ndan gedir?

Ermənistan 1992-1993-cü illərdə Azərbaycan ərazisinin 20%-ni, yəni Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal edib. Nəticədə 40 min azərbaycanlı, yəni, 1989-cu ildə həyata keçirilmiş siyahıya alınmaya görə bölgə əhalisinin təxminən 24%-i Dağlıq Qarabağdan qovulub, 700 min azərbaycanlını isə Qarabağ ətrafındakı yeddi rayondan çıxarılıb. 1992-ci ilin fevralında Qarabağın Xocalı şəhərində dinc əhaliyə qarşı kütləvi qətliam həyata keçirib və dünyanın bir çox ölkəsi həmin hadisəni soyqırım kimi tanıyır. Qarabağda onlarla şəhər, kənd, Azərbaycanın mədəniyyət və memarlıq abidələri yerlə-yeksan edilib.

Suveren ölkənin ərazisini işğal etmək, Azərbaycan xalqına qarşı terror, etnik təmizləmə, mədəni irsimizin dağıdılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoyulmaması – Vilörban Şəhər Şurası, siz bu dəyərləri də paylaşırsınız?

Əslində, bu qeyri-qanuni sənədləri imzalamaqla, Fransanın yerli hakimiyyət orqanları Ermənistanla Azərbaycan arasındakı münaqişəyə təcavüzkar ölkənin xeyrinə müdaxilə edir. Bu, əslində, işğal edilmiş ərazilərdə yaradılmış separatçı rejimin tanınması, sülh danışıqlarından imtinaya təşviq və yeni qarşıdurmalara yol açmaqdır! Düşünürəm ki, mənim bu fikirlərim Fransanın yerli hakimiyyət orqanlarının və ədalət məhkəməsinin səlahiyyətli nümayəndələri tərəfindən nəzərə alınacaq.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)