Xəbər verdiyimiz kimi, deputat Səyyad Aran bildirib ki, “Azəri” sözünün azərbaycanlılara heç bir aidiyyəti yoxdur və bu adın dövlət qurumunun adına verilməsi yanlışdır. “Bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” “Azərişıq” və s. Bəs “Azəriqaz” niyə? Hansı ağıllı bu sözü yazıb? “Azəri” sözünün bizə dəxli yoxdur. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. O İranda yaşayan etnik azlıqdır. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir”, – deyə o bildirib.
Bəs bu məsələ ilə bağlı dilçi alimlər nə düşünür?
Mövzu ilə bağlı
Bakupost.az -a danışan ADPU-nun filologiya fakültəsinin dosenti, dilçi alim Elşad Abışov bildirib ki, tarix mənbələr əsasən, ərəblər Azərbaycana gələnədək həm Şimali, həm də Cənubi Azərbaycan ərazisində yaşayan toplum bütövlükdə türk kimi tanınıb:
“Bu fakt həm yunan-roma mənbələrində, həm Suriya mənbələrində, həm də qədim ərəb mənbələrində birmənalı şəkildə öz əksini tapıb.
“Azəri” sözü isə ərəblər Azərbaycanı işğal etdikdən sonra xalqımıza verilən addır. Mənbələrdə açıq şəkildə göstərilir ki, ərəblər Azərbaycanı işğal edərkən ərəb xəlifəsi öz əyanlarından soruşur ki, “Bu Azərbaycan haradır?” Ona cavab verirlər ki, Azərbaycan ta qədimdən türklər ölkəsidir.
Məlumat üçün qeyd edim ki, ərəblər Azərbaycana gələnə qədər Kürdən şimaldakı torpaqlar Albaniya, Kürdən cənubdakı ərazilər isə Atropatena adlanırdı. Ərəblər Azərbaycanı işğal etdikdən sonra Atropatena və Albaniyanı birləşdirərək bütövlükdə “Azerbayqan” adlandırdılar. Yəni ərəblər işğaldan sonra yaşadığımız ərazini “Azerbayqan”, dilimizi “azəri dili”, xalqımızı isə “azəri”, yəni ərəbcə “əl-azəriyyə” (azəri xalqı) adlandırdılar”.
Alimin sözlərinə görə, bu anlayışdan istifadə edən farsdilli mənbələr sonradan azərbaycanlıları fars mənşəli xalq kimi təqdim etməyə çalışıblar:
“Onlar iddia irəli sürdülər ki, azərilər İranda yaşayan farsdilli xalqdır. Bu iddia ilə Azərbaycan türklərini öz milli kimliyindən uzaqlaşdırmağa çalışdılar. Buna baxmayaraq, ərəblər xalqımızı “azəri” adlandırsalar da, bu ad daha çox yuxarı, hökumət dairələrində işlədilirdi. Xalqın öz içində isə insanlar özlərini yenə də türk adlandırırdılar. Bu, bu gün də Cənubi Azərbaycanda belədir. Bu gün Cənubi Azərbaycanda təxminən 40 milyon Azərbaycan türkü yaşayır və onlar özlərini türk adlandırırlar”.
Elşad Abışov qeyd edib ki, ruslar da müxtəlif dövrlərdə azərbaycanlıları fərqli adlarla - əvvəl “tatar”, daha sonra isə “azəri” kimi təqdim ediblər. Sovet hakimiyyəti qurulduqdan sonra milliyyətimiz mənbələrdə “azərbaycanlı” kimi təsbit olunub.
Dilçi alim televiziya məkanındakı dil problemlərinə də toxunaraq bildirib ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var:
“Birinci səbəb televiziya işçilərinin Azərbaycan dilinin imkanlarını kifayət qədər bilməməsi, yəni peşəkarlıqdan uzaq olmalarıdır. İkinci səbəb isə jurnalistlərin, jurnalist olsalar da, Azərbaycan ədəbiyyatından uzaq düşmələridir. Bu problemin həlli üçün ilk növbədə televiziyalara peşəkar jurnalistlər cəlb edilməlidir. Eyni zamanda həmin şəxslərin Azərbaycan dilinin söz ehtiyatına və lüğət tərkibinə dərindən bələd olmaları əsas şərt olmalıdır.
Səyyad Aranın “Azəriqaz” fikrinə gəlincə, mən də düşünürəm ki, “Azərişıq”, “Azərsu” kimi adlar “Azərbaycan” sözünün qısaldılmış formasıdır. Bu, haqlı iraddır və “Azəriqaz” yox, “Azərqaz” formasının işlədilməsi daha məntiqli olardı”.
Lalə Novruz,
BakuPost