Azərbaycan Makao Xüsusi İnzibati Bölgəsinin (RAEM) pasportuna malik şəxslər üçün vizasız giriş rejimi tətbiq edəcək.
Bakupost.az xəbər verir ki, qərar bir il müddətinə (2026-cı il fevralın 2-dən 2027-ci ilin eyni gününədək) etibarlı olacaq.
Yeni qaydalara əsasən, RAEM pasportu sahibləri ildə üç dəfə Azərbaycana vizasız daxil ola biləcək. Hər giriş zamanı ölkədə qalma müddəti 30 gündən çox olmayacaq.
Məlumata görə, bu qərar Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi çərçivəsində qəbul olunub və bölgə sakinlərinin hərəkətliliyinə birbaşa təsir göstərəcək. Qərar Makao hökumətinə Azərbaycanın Çindəki səfirliyi tərəfindən bildirilib.
Rəsmi qurumlar bildirir ki, vizasız rejimin məqsədi iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlığı genişləndirmək, insanlar və biznes subyektləri arasında əlaqələri asanlaşdırmaqdır.
Eyni zamanda, Makao hökuməti vurğulayır ki, giriş və qalma qaydaları dəyişə bilər və səfərdən əvvəl Azərbaycan rəsmilərinin və ya səfirliyin rəsmi məlumatlarının yoxlanılması tövsiyə olunur.
Cavid, BakuPost