Ru
18:19 / 14 Oktyabr 2025

Bakıda taksilərin sayı 9 min azalacaq - Ekspertlər həyacan təbili çalır

Bakıda taksilərin sayı 9 min azalacaq - Ekspertlər həyacan təbili çalır
Eye

Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Rəqabət Məcəlləsinə, “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlara uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla veriləcək.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Allahverdi Aydın Nazirlər Kabinetinin yanaşmasını doğru saymır:

“Söhbət əgər məhdudiyyətdən gedirsə, mən hesab edirəm ki, bu yanaşma kökündən yanlışdır. Bu cür məsələləri bazar özü tənzimləməlidir və tələb-təklif əsasında formalaşmalıdır. Əgər vətəndaşların taksiyə tələbi yüksəkdirsə say artmalı, yox əgər aşağıdırsa azalmalıdır. Yəni bunun hansısa dövlət qurumunun qərarı yaxud kənar müdaxilə ilə tənzimlənməsi doğru yanaşma deyil”. Sezar pizza

Ekspert vurğulayıb ki, bu qərar bazar iqtisadiyyatı prinsiplərinə ziddir:

“Təəssüf ki, dövlətin bazar münasibətlərinə bu cür müdaxilələrinin sonradan mənfi nəticələr verdiyini çox görmüşük. Hesab edirəm ki, paytaxtda fəaliyyət göstərən taksilərin sayının məhdudlaşdırılması ilə bağlı qərarın da mənfi təsiri olacaq. Qərarda nəzərdə tutulan 25 min rəqəmi Bakıda yaşayan əhalinin sayına adevkat deyil”.

A.Aydın qeyd edib ki, bu qərar paytaxt daxilində taksi çatışmazlığına səbəb olacaq:

“Düşünürəm ki, bu qərar paytaxt daxilində taksi çatışmazlığına səbəb olacaq. Təbii ki, bu da qiymətlərin kəskin artmasına gətirib çıxaracaq. Digər tərəfdən, məhdudiyyətlər işsizliyi artacaq. Belə bir addım qətiyyən doğru yanaşma deyil. Nazirlər Kabineti bu addımın hansı səbəbdən atıldığı ilə bağlı açıqlama və bir cümləlik izahat belə vermir”.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə “Yeni Sabah”a açıqlamasında deyib ki, yeni qərar 9 min adamı işsiz qoya bilər:

“Bakı şəhərində hazırda rəsmi qeydiyyatda olan 34 min taksi var. Bu 34 min taksini azaldıb 25 minə endirəndə belə çıxır ki, 9 min adam işsiz qalacaq. Əsas narahatedici məqam budur. Amma bu qanunun tələbidir. Çünki Azərbaycanda “Avtomobil nəqliyyatı haqqında” qanunda göstərilib ki, aidiyyəti qurum, yəni AYNA bir kvota müəyyən edə bilər. Bu hüquq onlarda var. Qurum müəyyən etdi ki, bu 25 min olmalıdır”.

Ekspert vurğulayıb ki, əvvəllər paytaxtda fəaliyyət göstərən taksilərlə bağlı kvota 35 min olaraq nəzərdə tutulmuşdu:



“Biz əslində ötən il bu mövzunu müzakirə edəndə təxminən 35 min olaraq hesablayırdıq. Proqnoz bundan ibarət idi ki, əgər ictimai nəqliyyat inkişaf edəcəksə, azalma avtomatik olaraq, təbii formada baş verə bilər. Amma Nazirlər Kabineti hesab etdi ki, 25 min kifayətdir. Bakı şəhərində qeydiyyatda olan əhalinin sayına uyğun olaraq hesablanıb. Burada dünya təcrübəsi də nəzərə alınıb. Həmin təcrübəyə əsasən, hər 1000 nəfərə 8 taksi düşməlidir. Bu bir çox inkişaf etmiş ölkələrin təcrübəsidir. Amma bir məsələ də nəzərə alınmalıdır ki, həmin dövlətlərdə ictimai nəqliyyat saat dəqiqliyi ilə işləyir”.

E.Muradlı taksi xidmətində qiymət artımının olacağını da istisna etməyib:

“AYNA bunu belə əsaslandırır ki, yeni tələblər qarşıdakı 3 il ərzində, mərhələli şəkildə icra olunacaq. Qiymət artımına gəlincə, əgər taksilərin sayı azalarsa və tələbat yüksək olarsa, bahalaşma olacaq. Azərbaycanda taksi qiymətlərini operatorların özləri tənzimləyir. Mənə elə gəlir ki, müəyyən artım da baş verə bilər”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yayımladığı son rəqəmlərə görə, hazırda paytaxtda 23 min taksi fəaliyyət göstərir.

Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərarı isə noyabrın 1-dən qüvvəyə minəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar