Bakının Yasamal rayonunda, “Sovetski” kimi tanınan ərazidə yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınan “Şor hamamı” baxımsız vəziyyətdədir.
"Bakupost" xəbər verir ki, 1889-cu ildə inşa edilən və uzun illərdir fəaliyyət göstərməyən hamamın indiyədək bərpa olunmaması narazılıq doğurub.
Məlumata görə, hamamın arxa hissəsindəki evlər söküldükdən sonra binanın damındakı dörd günbəz tamamilə üzə çıxıb və kənardan aydın görünməyə başlayıb.
Diqqət çəkən məqamlardan biri isə hamamın yalnız ön fasadının təmir olunmasıdır. İddialara görə, bu işlər binaya bitişik yerləşən altı mərtəbəli binanın keçmiş sahibi tərəfindən öz mülkünün ümumi görünüşünü qorumaq məqsədilə aparılıb. Hazırda həmin bina da istifadəsizdir.
Tarixi abidə kimi qorunmalı olan "Şor hamamı"nın ön fasadının müasir aqlay daşlarla üzlənməsi isə onun ilkin memarlıq üslubuna uyğun deyil. Abidənin tarixi görkəmi qorunmaqla bərpası zəruridir.
Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda ərazidə abadlıq və quruculuq işləri aparılır. Qurumdan həmçinin qeyd edilib ki, "Şor hamamı"nın sökülməsi nəzərdə tutulmayıb.
Əlavə edilib ki, hamam dövlət tərəfindən tarixi-mədəni irs nümunəsi kimi mühafizə olunur və müvafiq dövlət reyestrinə daxil edilib:
"Abidənin tarixi əhəmiyyəti və qorunmasının vacibliyi nəzərə alınaraq, aparılan abadlıq işləri onun mühafizəsi prinsiplərinə uyğun şəkildə həyata keçirilir".
Məsələ ilə bağlı "Bakupost" Mədəniyyət Nazirliyinə sorğu ünvalayıb.
Lalə Novruz, BakuPost