Xəbər verdiyimiz kimi, aprelin 1-dən daxili su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edilir. Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov bildirib ki, qadağanın məqsədi balıqların kürüləmə dövründə təbii ehtiyatların qorunmasıdır.Bildirilib ki, bu istiqamətdə mütəmadi reydlər keçirilir və qadağa sentyabrın 1-dək qüvvədə olacaq.
Məsələ ilə bağlı
Bakupost.az-a danışan Azərbaycan Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev rəsmi paylaşımda yol verilən yanlışlığa diqqət çəkib.
Onun sözlərinə görə, Balıqçılıq və Akvakultura Mərkəzinin paylaşdığı foto ictimaiyyətdə yanlış təsəvvür yaradıb:
“Şəkildə həvəskar balıqçı əks olunub, lakin söhbət sənaye balıqçılığından gedir. Üstəlik, “balıq ovuna qadağa qoyulur” ifadəsi böyük hərflərlə verilib, “sənaye” sözü isə demək olar ki, görünməyəcək dərəcədə xırda şriftlə yazılıb. Bu isə qadağanın bütün balıqçılıq növlərinə aid olması kimi başa düşülməsinə səbəb olub.
Nəticədə çoxsaylı vətəndaşlar mənə zəng edərək suallar verib, narahatlıqlarını bildiriblər. Mən də mərkəzə şəkilin əslində necə olmalı olduğunu düzəldərək göndərdim”.
Ə.Əliyev bildirib ki, qadağa həvəskar balıqçılığa deyil, yalnız sənaye balıqçılığına aiddir:
“Sənaye balıqçılığı Xəzərdə mayın 1-dən sentyabrın 1-dək, daxili su hövzələrində isə aprelin 1-dən sentyabrın 1-dək qadağan edilir.
Qadağalar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq olunsa da, bu, Nazirlər Kabinetinin qərarına əsaslanır və illər əvvəl aparılmış tədqiqatlarla müəyyənləşdirilib”.
İttifaq rəhbəri vurğulayıb ki, hazırkı qaydalarla razı deyil və bu məsələyə yenidən baxılmalıdır:
“Çünki daxili su hövzələrində birmənalı olaraq qadağa martdan, Xəzərdə isə aprelin 1-dən tətbiq olunmalıdır. Həvəskar balıqçılığa da martın 1-dən mayın 15-dək məhdudiyyət qoyulmalıdır. Bu dövrdə balıqların əsas kürüvermə mərhələsi başa çatır.
Bəzi balıq növlərinin, xüsusilə nərə balıqlarının kürüvermə dövrü yay aylarına təsadüf edir. Nərə balığı süni şəkildə artırılıb Xəzərə buraxılmasa, onun populyasiyasının artması mümkün deyil.
Bu məsələ ilə bağlı dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişəm və yenə bildirirəm ki, qadağalar sentyabradək deyil, maksimum iyul-avqust aylarınadək tətbiq oluna bilər. Əsas məsələ isə qadağanın düzgün vaxtda başlanmasıdır. Daxili su hövzələrində qadağa mart ayında, Xəzərdə isə aprel ayında başlamalıdır.
10 ildən çoxdur bu sahədə monitorinqlər aparıram, balıqların miqrasiyasını və yayılma areallarını araşdırmışam. Lazım gələrsə, əldə etdiyim nəticələri müvafiq quruma təqdim etməyə hazıram.
Bir daha vurğulayıram ki, bu qadağaların həvəskar balıqçılığa aidiyyəti yoxdur. Həvəskar balıqçılığa may ayının 1-dən iyul ayının 1-nə qədər qadağa tətbiq olunacaq”.
Lalə,
BakuPost