Azərbaycan fəaliyyət göstərən banklar 2026-cı ilin ilk 6 ayı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıblar.
Bütün banklar 2026-cı ili birinci yarısını xalis mənfəətlə başa vurub.
Açıqlanan maliyyə göstəricilərinə görə, 21 bank ilk yarımillikdə ümumilikdə 728 milyon 863 min manat xalis mənfəət əldə edib.
Eyni zamanda, açıqlanan göstəricilər belə deməyə əsas verir ki, əvvəlki tək faiz gəlirləri Azərbaycanda bank sektorunun əsas gəlir mənbəyi olaraq qalmaqdadır.
Bankların gəlir strukturu təhlil edildikdə məlum olur ki, xalis mənfəətin və ümumi gəlirlərin mütləq əksəriyyəti hələ də müştərilərə verilən kreditlərdən, eləcə də digər faiz gətirən aktivlərdən əldə edilir. Cari ilin ilk yarısında banklar üzrə faiz gəlirləri 2.25 milyard manata qədər yüksəlib. Yəni sektorun əsas yükü hələ də faiz gətirən aktivlərin üzərindədir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Rəşad Həsənov
"Bakupost"a bildirib ki, bankların gəlirlərinin əhəmiyyətli hissəsinin kreditdən formalaşması bir tərəfdən anlaşılandır.
İqtisadçının fikrincə, mövcud ekosistemin nəticəsi olaraq bu mənzərə ilə üzləşirik:
“Hazırda banklar maliyyə təminatı sahəsində dominant mövqeyə malikdirlər. Mənfəət norması kifayət qədər yüksəkdir. Belə şəraitdə də banklar əldə olunan resursları daha çox məhz bu bazarda dəyərləndirməyə çalışır”.
Ekspertə görə, mövcud vəziyyətin yaranmasında iqtisadiyyatın strukturu da mühüm rol oynayır:
“Qeyri-neft iqtisadiyyatının zəif inkişafı digər tərəfdən alternativ məhsulların yaradılması və buradan gəlir əldə edilməsi imkanını məhdudlaşdırır. Baxmayaraq ki, iqtisadiyyatın 35-40 faizini neft sektoru təmin edir, bu sektorun müvafiq istiqamətdə tələbi kifayət qədər aşağıdır. Burada əsas söhbət gəlirlərin diversifikasiyası zamanı inkişaf etmiş, şaxələnmiş qeyri-neft iqtisadiyyatı və onun yaratdığı xidmətlər tələbindən qaynaqlanan bazarda gəlirlərin formalaşdırılmasından gedir ki, bu istiqamətdəki çətinliklər də banklar üçün ayrıca bir problemdir”.
R. Həsənov hesab edir ki, digər məsələ iqtisadiyyatın qeyri-formal hissəsinin daha geniş yayılmasıdır:
“Bir sıra hallarda bank məhsulları şəffaflıqla, iqtisadiyyatın formallığı ilə birbaşa asılıdır. Dünya təcrübəsində nağdsız ödəniş sisteminin formalaşması geniş gəlir mənbəyinə çevrilib. Azərbaycan isə təəssüf ki, nağdsız ödəniş sahəsində həm region, həm də MDB ölkələri arasında belə geridə qalmaqdadır. Qeyri-formal iqtisadi təşəbbüslərin payının çox olması bank sektorunun müvafiq istiqamətdə təklif etdiyi xidmətlərdən daha çox gəlir əldə etmək imkanını məhdudlaşdırır”.
Rüfət Sultan,
BakuPost