Fransa birinci xanımı Bricit Makron qızı Tifani Azure ilə birlikdə Parisdəki “Maturen” teatrına gedərək məşhur komediya aktyoru Ary Abittanın tamaşasını izləyib. Tamaşaçılar arasında olan feministlər 2024-cü ildə təcavüzdə ittiham olunan aktyora qarşı etiraz nümayiş etdiriblər. Tamaşadan sonra səhnəarxasına keçən Bricitin aktyora təsəlli vermək üçün etirazçı feministlər barədə təhqiramiz ifadələr işlətməsi kameraya düşüb.
Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, Fransanın birinci xanımının həmin görüntüləri ölkədə böyük narazılıq yaradıb. Videoda o, feministlər barədə “sales connes” ifadəsini işlədib. Söz fransız dilində “aşağılayıcı, təhqiramiz qadın” mənasına gəlir və ağır seksist ifadə sayılır.
Bricit Makronun ifadəsi bir anın içində sosial şəbəkələrdə yayılıb. Ölkə feministləri, siyasətçilər və ictimai şəxslər Fransa birinci xanımını işlətdiyi ifadəyə görə sərt tənqid ediblər. Bəzi tanınmış aktrisalar da sosial şəbəkədə bu sözə etirazlarını bildiriblər.
Makronun komandası isə açıqlamasında bunun “radikal etiraz metodlarına reaksiya olduğunu” və birinci xanımın qadın hüquqlarına qarşı çıxmadığını bildirib. Lakin qalmaqal Fransada geniş müzakirələrə səbəb olub və Bricit Makronun davranışı cəmiyyətdə ciddi narazılıq yaradıb.
Cavid, BakuPost