Ru
14:54 / 23 İyun 2026

Çin-ABŞ ticarət savaşında yeni mərhələ: Onlarla şirkətə qadağa qoyuldu

Çin-ABŞ ticarət savaşında yeni mərhələ: Onlarla şirkətə qadağa qoyuldu
Eye

Rəsmi Pekin ABŞ Müdafiə Nazirliyinin bəzi iri Çin şirkətlərini “hərbi şirkətlər” siyahısına daxil etməsinə cavab olaraq genişmiqyaslı iqtisadi tədbirlər həyata keçirib.

Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pekin 46 ABŞ şirkətinin dövlət satınalmalarından kənarlaşdırıldığını və 10 şirkətə qarşı ixrac məhdudiyyətləri tətbiq edildiyini açıqlayıb.

Çin Ticarət Nazirliyinin məlumatına görə, bu qərar “milli təhlükəsizliyin qorunması” məqsədi daşıyır və ABŞ-nin addımlarına cavabdır. Yeni qaydalara əsasən, siyahıya daxil edilən şirkətlərə ikili təyinatlı – həm mülki, həm də hərbi istifadə oluna bilən məhsulların ixracı qadağan edilib və mövcud müqavilələr dərhal dayandırılıb.

Eyni zamanda, Çin Maliyyə Nazirliyi dövlət qurumlarına “Lockheed Martin”, “Raytheon”, “Boeing”, “General Dynamics” və “Anduril” daxil olmaqla, 46 ABŞ şirkətindən məhsul və xidmət alınmasını qadağan edib. Bununla belə, Çində ABŞ investisiyası ilə fəaliyyət göstərən şirkətlərin bu məhdudiyyətlərdən kənarda qaldığı bildirilib.

Bu tədbirlər dərhal qüvvəyə minib və iki ölkə arasında artan iqtisadi və texnoloji gərginliyin yeni mərhələyə keçdiyini göstərir.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi iyunun 9-da “Alibaba” və “BYD” kimi iri Çin şirkətlərini Çin ordusu ilə əlaqəli olduqları iddiası ilə “hərbi şirkətlər” siyahısına daxil etmişdi. Buna baxmayaraq, bir ay əvvəl ABŞ Prezidenti Donald Trampın Pekinə səfəri zamanı tərəflər tariflərin azaldılması istiqamətində razılığa gəlmişdi. Lakin son hadisələr göstərir ki, texnologiya və müdafiə sahəsində qarşılıqlı addımlar münasibətləri yenidən gərginləşdirib.

Bundan əlavə, ABŞ Dövlət Katibi Marko Rubio Tayvan üçün 14 milyard dollarlıq silah paketinin nəzərdən keçirildiyini açıqlayıb ki, bu da Pekinlə Vaşinqton arasında əlavə gərginlik yaradan amillərdən biri kimi qiymətləndirilir.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar