ABŞ Prezidenti Donald Tramp dekabrın 22-də Floridadakı Mar-a-Lago rezidensiyasında keçirilən mətbuat konfransında “Golden fleet” (“Qızıl donanma”) adlı yeni dəniz layihəsi haqqında geniş planlarını açıqlayıb.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, proqram çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələri üçün “Trump-klass” döyüş gəmiləri inşa olunacaq. Planın ilkin mərhələsində “USS Defiant” adlı iki nəhəng döyüş gəmisinin tikintisinə başlanacaq. Sonradan isə bu sayın 20–25-ə çatdırılması nəzərdə tutulur. ABŞ prezidentinin sözlərinə görə, bu gəmlər əvvəlki istənilən döyüş gəmisindən daha böyük, daha sürətli və 100 dəfə güclü olacaq.
Yeni layihə çərçivəsində tikiləcək gəmilər hipersəs raketləri, nüvə başlığı ilə təchiz olunmuş dənizdən buraxılan qanadlı raketlər, lazer sistemləri və elektromaqnitli toplarla silahlanacaq. Trampın dediyinə görə bu texnologiyalar hazırda inkişaf mərhələsində olsa da, planın əsas hissəsini təşkil edəcək.
Layihənin “Qızıl donanma” adlandırılmasının arxasında duran məqsədlərdən biri ABŞ donanmasının modernləşdirilməsi və onun qlobal strategiya çərçivəsində dominantlığının möhkəmləndirilməsidir. Tramp gəmilərin dizaynına şəxsən qarışacağını deyib.
Bu təşəbbüs həmçinin ABŞ sənaye və gəmiqayırma sahəsini dəstəkləmək məqsədi ilə ölkə daxilində istehsalın genişləndirilməsini nəzərdə tutur. Plan çərçivəsində bəzi köhnə müəssisələrin yenidən istifadəyə verilməsi və yeni gəmiqayırma müəssisələrinin yaradılması da müzakirə olunur.
Yeni “Trump-klass” gəmilərinin tikintisinə 2030-cu illərin əvvəllərində başlanacağı planlaşdırılır və bu layihə ABŞ-ın müdafiə strategiyasının əsas hissələrindən biri hesab olunur.
Tramp, təklif etdiyi bu planı ABŞ dəniz gücünün gələcək dövrlərdə qarşılaşa biləcək strategiya və təhlükələrlə daha effektiv mübarizə apara bilməsi məqsədi ilə əlaqələndirib və bunu Amerikanın dəniz üstünlüyünü qoruması kimi qiymətləndirib.
Cavid, BakuPost