Rusiyalı filosof, ideoloq Aleksandr Dugin növbəti sensasion bəyanatla çıxış edərək, nüvə müharibəsi təhlükəsinin real olduğunu bildirib.
“Bakupost” xəbər verir ki, Dugin Qərblə yaxınlaşan nüvə müharibəsi səbəbindən Rusiya əhalisinin bir milyonluq böyük şəhərlərdən kəndlərə köçürülməsini təklif edib.
Onun sözlərinə görə, Qərb ölkələri ilə müharibə sadəcə ehtimal olunan deyil, həm də demək olar ki, qaçılmazdır və onun nüvə müharibəsinə çevrilməsi daha çox ehtimal olunandır:
“Bütün həyatın, bütün sənayenin və bütün iqtisadiyyatın cəmləşdiyi Rusiya meqapolisləri hədəfə çevrilir. Buna görə də şəhərlərin, xüsusən də meqapolislərin təcili və kütləvi şəkildə köçürülməsi zəruridir. Böyük şəhərlər - Moskva, Sankt-Peterburq, Yekaterinburq olmayacaq. İnsanlar dinc yaşamaq üçün torpağa gedəcəklər. Hündürmərtəbəli binalar isə, məsələn, Bitkoin hasilatı üçün fermalara çevrilə bilər. Qoy kompüterlər orada yaşasın, robotlar orada yaşasın”.
Milli Məclisin deputatı Arzuxan Əlizadə
“Bakupost”a bildirib ki, Aleksandr Duginin Qərblə müharibənin “demək olar ki, qaçılmaz” olduğu və bunun nüvə müharibəsinə çevrilə biləcəyi barədə fikirləri daha çox siyasi-ideoloji xarakter daşıyır.
Bu əsasda həmsöhbətimiz hesab edir ki, bunu qaçılmaz reallıq kimi təqdim etmək üçün ciddi əsas yoxdur:
“Nüvə silahına malik dövlətlər arasında birbaşa qarşıdurmanın nəticələrinin nə qədər ağır ola biləcəyi hamıya məlumdur və məhz bu amil tərəfləri belə ssenaridən yayınmağa vadar edən əsas çəkindirici mexanizmlərdən biridir.
Digər tərəfdən, hazırda beynəlxalq münasibətlər sistemində ciddi gərginliklərin, qarşılıqlı təhdidlərin və silahlanma yarışının artması danılmazdır. Lakin mövcud risklərin olması ilə nüvə müharibəsinin “qaçılmaz” olduğunu iddia etmək arasında böyük fərq var”.
Deputatın sözlərinə görə, belə açıqlamalar cəmiyyətdə qorxu və panika yaratmaqla yanaşı, hərbi-siyasi gərginliyin daha da dərinləşməsinə xidmət edir:
“Rusiyada əhalinin böyük şəhərlərdən kəndlərə kütləvi şəkildə köçürülməsi və meqapolislərin guya gələcəkdə mövcud olmayacağı barədə çağırışlar isə real təhlükəsizlik strategiyasından daha çox radikal ssenari təsəvvürünü xatırladır. Bu baxımdan Duginin açıqlamasını beynəlxalq vəziyyətin obyektiv proqnozu kimi deyil, Rusiya cəmiyyətində Qərblə qarşıdurma düşüncəsini gücləndirən siyasi ritorikanın bir nümunəsi kimi qiymətləndirmək daha doğru olardı”.
Rüfət Sultan,
BakuPost