Qlobal istiləşmə indiki templə davam edərsə, planet "kritik nöqtəni keçə" və geriyə dönüş prosesinə - Buz dövrünə bənzər kəskin soyuqlar dövrünün başlamasına səbəb ola bilər.
Bakupost.az xəbər verir ki, bu barədə iqlim alimlərinin "Nature Climate Dynamics" jurnalında dərc edilən araşdırmasında bildirilir.
Qeyd olunur ki, qütb buzlarının həddindən artıq əriməsi Yer kürəsini paradoksal şəkildə soyuda bilər. Okeana böyük miqdarda şirin su daxil olduqda, onun duzluluğu və sıxlığı dəyişir və bu, qlobal okean axınlarına, xüsusilə, "planetin istilik sistemi" sayılan Atlantik Meridional Dövriyyəsinə (AMOC) birbaşa təsir göstərir.
AMOC yavaşlasa və ya dayanarsa, tropiklərdən şimal bölgələrə isti suyun axını zəifləyə və Avropa, Şimali Amerika və Asiyada temperatur kəskin şəkildə aşağı düşə bilər.
Oksford Universitetinin iqlim elmləri üzrə professoru Emili Uest deyib: "Bizim qlobal istiləşmənin öz əksini - qlobal soyumanı tətiklədiyi bir iqlim ssenarisinin şahidi olmaq riskimiz var". Onun sözlərinə görə, oxşar hadisələr Yer kürəsinin tarixində artıq baş verib – təxminən 12 000 il əvvəl planet Gənc Dryas kimi tanınan qısa, lakin şiddətli buzlaq dövrünü yaşayıb.
Müasir müşahidələr həyəcan doğuran tendensiyalardan xəbər verir: Qrenlandiyada buzların əriməsi sürətlənir və Şimali Atlantikanın temperaturu artıq azalma əlamətləri göstərir. Alimlər istisna etmirlər ki, bir neçə onillik ərzində Şimal yarımkürəsində iqlim köklü şəkildə dəyişə bilər - qış sərtləşəcək, məhsuldarlıq azalacaq və dəniz səviyyəsi aşağı düşməyə başlayacaq.
"Yer kürəsinin özünü tənzimləyən mexanizmləri var, lakin onlar heç də həmişə bəşəriyyətin xeyrinə işləmir. Əgər bəşəriyyət tullantıları azaltmasa və iqlim sisteminə müdaxiləni dayandırmasa, planet radikal şəkildə reaksiya verə bilər - istilik əvəzinə buz fırtınaları ilə üzləşəcəyik", - NASA professoru Mark Conson qeyd edib.
Alimlər bunun yaxın illərin ssenarisi deyil, həyəcan siqnalı olduğunu vurğulayırlar. Bəşəriyyət tarixin kritik anındadır və onun gələcəyi qlobal istiləşmənin çağırışlarına necə cavab verəcəyimizdən asılıdır. 21-ci əsrin iqlim tarazlığı dövrü, yoxsa yeni buz dövrünün başlanğıcı olacağını bu amil müəyyən edəcək.
Zaur,
BakuPost