Ru
12:40 / 18 Avqust 2026

Ərini ürəyindən bıçaqlayıb öldürən 9 aylıq hamilə qadın bəraət aldı

Ərini ürəyindən bıçaqlayıb öldürən 9 aylıq hamilə qadın  bəraət aldı
Eye

Qazaxıstanın Almatı vilayətində ərini öldürməkdə təqsirləndirilən çoxuşaqlı hamilə qadına bəraət verilib.

“Bakupost” yerli mediaya istinadla xəbər verir ki, məhkəmə heyəti qadının ərinə bıçaqla xəsarət yetirməsini özünümüdafiə kimi qiymətləndirib.

Hadisə baş verən zaman beşinci övladına hamilə olan qadın hökm elan edilərkən artıq hamiləliyinin 9-cu ayında olub.

Məlumata görə, qadın uzun illər həyat yoldaşının zorakılığına məruz qalıb. Məhkəmənin məlumatında bildirilir ki, kişi onu mütəmadi döyüb, boğub, qış aylarında körpəsi ilə birlikdə evdən qovub. Həmçinin onun həyat yoldaşına xəyanət etdiyi və qadını dəri xəstəliklərinə yoluxdurduğu qeyd olunur.

Vəkil Qalım Nurpeisovun sözlərinə görə, hadisə mayın 1-də ailə münaqişəsi zamanı baş verib. Ərinin onu qasıq nahiyəsindən təpikləməsindən sonra qadın evdən çıxaraq kömək axtarıb. Lakin heç kim polis çağırmayıb.

Daha sonra o qonşuların evindən mətbəx bıçağı götürərək evə qayıdıb. Vəkilin sözlərinə görə, ər-arvad arasında mübahisə davam edib. Kişinin yenidən onu döyəcəyini bildirməsindən sonra qadın özünü bıçaqla müdafiə edəcəyini deyib.

Məhkəmədə qadının ərinə ürək nahiyəsindən bıçaq zərbəsi endirdiyi və kişinin qan itkisindən öldüyü bildirilib.

Hüquq müdafiəçiləri hesab edirlər ki, uzunmüddətli məişət zorakılığı qadınları özlərinin və övladlarının həyatını qorumaq üçün son həddə addım atmağa vadar edə bilər.

Vəkil Qalım Nurpeisov isə bəraət hökmünü cəmiyyətdə zorakılığa qarşı dözümsüzlüyün formalaşmasının göstəricisi kimi qiymətləndirib.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar