Ru
15:17 / 28 Avqust 2026

Ermənistan seçim qarşısında: Aİ, yoxsa Aİİ – Referendum olsa, kim qalib gələr?

Ermənistan seçim qarşısında: Aİ, yoxsa Aİİ – Referendum olsa, kim qalib gələr?
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdə qələbədən sonra ölkəsinin Avropa İttifaqına (Aİ) doğru irəliləyəcəyini daha böyük əminliklə bəyan etməyə başlayıb.

Onun son vaxtlar bu məsələni daha tez-tez gündəmə gətirməsinə Rusiyanın İrəvan qarşısında Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq, yoxsa Aİ-yə inteqrasiya yolunu seçməklə bağlı mövqeyini dəqiqləşdirməsi tələbi də təsir göstərib.

Paşinyan konkret vaxt açıqlamasa da, yaxın gələcəkdə bu məsələ ilə bağlı referenduma gedilə biləcəyini bəyan edib.

Bəs Ermənistanda Aİ-yə inteqrasiya ilə Aİİ-də qalmaq arasında seçimlə bağlı referendum keçirilsə, nəticə necə ola bilər? Erməni seçicisinin üstünlük verəcəyi istiqamət hansıdır?

Politoloq Zərdüşt Əlizadə “BakuPost”a bildirib ki, erməni siyasi həyatında və siyasi düşüncəsində zaman-zaman reallıqdan uzaq ideyalar meydana çıxıb:

“Onlardan biri ‘Böyük Ermənistan’ xülyası idi ki, darmadağın oldu. Onların ‘Miatsum’ kimi çürük ideyası da həmçinin puç oldu. Növbəti xülyaları isə Aİ-yə qoşulmaqdır. Azərbaycan xalqının gözəl ifadəsi var: ‘Qız evində toydur, oğlan evinin xəbəri yoxdur’”.

Müsahibimizin fikrincə, hazırda Aİ Ermənistanı üzvlüyə qəbul etməyə hazır deyil:

“Hazırda bu qurumun özü dərin siyasi-iqtisadi böhran keçirir. Hələ bilinmir ki, beş ildən sonra Aİ qalacaq, yoxsa yox. Keçmiş sosialist məkanı ölkələrinin bəzilərinin Aİ-yə qoşulması onlara xeyir gətirib. Buna misal olaraq Polşa, Çexiya və Estoniyanı göstərmək olar. Amma əksər Şərqi Avropa ölkələri Aİ-yə üzv olmaqla dərin tənəzzülə uğradılar. Ən miskin vəziyyətə Bolqarıstan düşüb. Namizəd statusu qazanan Ukrayna, Moldova və Gürcüstanın da Aİ-yə qoşulması məsələsi mürəkkəbləşib”.

Z.Əlizadənin fikrincə, belə bir vəziyyətdə Paşinyanın Ermənistanı Aİ-yə yaxınlaşdırmaq cəhdi daxili siyasi məqsədlərlə bağlıdır:

“Belə bir vəziyyətdə Paşinyanın Ermənistanı Aİ-yə qoşmaq cəhdi yalnız və yalnız erməni əhalisinin naşı, cahil, nadan fikirlərindən öz siyasi məqsədləri üçün istifadə etmək niyyətindən qaynaqlanır. İrəvan Aİ-yə qoşulmaq üçün əvvəlcə Türkiyə ilə münasibətləri tənzimləməlidir. Çünki Avropaya gedən yol Türkiyədən keçir”.

Ermənistan əhalisinin Aİ-yə inteqrasiyaya, yoxsa Aİİ-də qalmağa üstünlük verəcəyinə gəldikdə isə politoloq hesab edir ki, referendum yaxın zamanda keçirilsə, Aİ tərəfdarları üstünlük qazana bilər:

“Belə bir referendum yaxınlarda keçirilsə, ermənilərin əksəriyyəti Aİ-yə üzvlüyə səs verə bilər. Çünki onlarda elə təsəvvür yaranıb ki, Aİ-yə qoşulmaqla hər şey əla olacaq. Elə şey yoxdur. Yəni ümumi siyasi cəhalətdən irəli gələn yanlış təsəvvürlərdən xilas ola bilməyiblər. Ən yaxşı halda gürcülərdə olduğu kimi, ermənilərə də Avropada vizasız işləmək hüququ verəcəklər. Bunu etsələr, Ermənistan əhalisinin yarısı Avropaya gedib orada yüksək ixtisas tələb etməyən işlərdə işləyər, meyvə-tərəvəz yığımı ilə məşğul olar, xadimə işləyərlər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar