Sabiq millət vəkili, təhsil eksperti Etibar Əliyevin mərhum ilahiyyatçı Hacı Şahinlə bağlı yazıları davam edir.
Bakupost.az xəbər verir ki, E.Əliyev ilk paylaşımını 3 gün öncə etmişdi.
“Professor Aydın Balayev və Hacı Şahin” adlı yazısında o 2 foto paylaşaraq yazırdı:
“Din - kütlə üçün metafizikadır”. A. Şopenhauer.
7 iyul Hacı Şahinin doğum günüdür. Kütlə onu sosial şəbəkələrdə yad edir.
Digər foto isə Azərbaycanda fikir tarixinin formalaşmasında müstəna rolu olan azərbaycançılıq və türkçülük ideologiyalarının baniləri sayılan Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlunun və görkəmli maarifçi Mirzə Fətəli Axundovun həyatı və fəaliyyətini bənzərsiz üslubda yazmaqla yanaşı, həm də "Азербайджанская нация" adlı dəyərli bir əsərin müəllifi Aydın Balayevin tənha məzarıdır.
Dəfnində 100 nəfərə yaxın adam iştirak edirdi.
Dəyərli Aydın müəllim, doğum gününüzdə gəlib mütləq Sizə baş çəkəcəm.
Zəruri qeyd: Allah Mirzə Cəlilə və Həsən bəy Zərdabi başda olmaqla bütün maarifçilərimizə rəhmət eləsin. Necə qoyub gediblərsə, eləcə də qalmışıq”.
E.Əliyevin bu statusu geniş qınağa səbəb olmuşdu.
Buna görə də sabiq millət vəkili növbəti paylaşımını etdi:
“Hacı Şahin tərəfdarları feysbuk səhifəmdə təlatüm yaratdılar. Onların içində ziyalılığa iddialı olanlar az deyildi. Sən demə, Hacı filosofluq, oratorluq, alimlik, müdriklik mərtəbəsinə çatıbmış. Maraqlı bir təklifim var. Təxminən min nəfəri əhatə edən sorğu keçirin. Sualı belə qoyun: Mirəsədulla Mir Ələsgər oğlu Mirqasımovu tanıyırsınız, yoxsa Hacı Şahin Hüseynoğlunu?
Tam əmin olun, Mirəsədulla Mirqasımovu barmaqla sayılan qədər adam tanıyacaq. Çünki onu xatırlamırıq. Meydan Hacı Şahin kimilərindir. Din təəssübkeşlərindən biri durub bu Hacıya deyə bilmədi ki, Allahın adından niyə bu qədər manipulyasiyalar edirsən…
Mən mərhum Mirəsədulla Mir Ələsgəroğlunun adını elə-belə çəkmədim. Bu şəxsiyyət inanclı ailədə dünyaya göz açıb. Onları heç bir qüvvə inancdan məhrum edə bilməyib.
Mirəsədulla Mirqasımov Azərbaycan Elmlər Akademiyanın birinci prezidenti və Azərbaycanın tibb üzrə ilk elmlər doktoru elmi dərəcəsini qazanmış nəhəng həkimidir…”
Bu gün isə E.Əliyev növbəti dəfə bu mövzuya qayıtmağa məcbur olub:
“Hacı Şahinsevərlərin nəzərinə!
Nəhəng Əhməd bəy Ağaoğlunun 1892-ci ildə Londonda keçirilən beynəlxalq konqresdə dinlə bağlı çıxışının kiçik bir parçası ilə tanış olaq.
"...Onu da bilməlisiniz ki, şiəlik sözün həqiqi mənasında din deyil, heç siyasi partiya anlamı da ifadə etmir. Amma şiəlik başdan başa İranın milli ruhu ilə doludur. Şiəlik hüquqları tapdanmış bəzi insanların haqlarını tələb edən siyasi görüş kimi qəbul edilə bilməz. Şiəlik Yer üzünün çox məhdud bir məkanında insana yalnız bu günü və gələcəyi deyil, keçmişi də təlqin edir. Hər bir şiə iranlıdır.
Əgər Rüstəmin fövqəltəbii mənşəyinə, onun möcüzəvi qəhrəmanlıqlarına inanmırsa, şiə deyil. Nə vaxtsa dünyanın fövqəltəbii bir varlıq, fövqəlinsan tərəfindən xilasına inanmırsa, şiə deyil. Bu möcuzəvi, fövqəltəbii bir insan İsfahan yaxınlığında bir quyudan çıxacaq, yanında isə Rüstəmlə Kavə olacaqdır. Kim İranı ziyalılığın, elmin, mənəvi saflığın məskəni kimi qəbul etmirsə, onu dünyanın, hətta kainatın taleyinin bağlı olduğu bir ölkə kimi görmürsə, şiə deyil. Bir sözlə şiə olmaq - iranlı olmaq İranın keçmişini bütün kimi qəbul etmək, özünü tam şəkildə bu məmləkətə bağlamaq, onun zəfərindən qürurlanmaq, məğlubiyyətindən kədərlənmək, ümidləri ilə yaşamaq deməkdir”.
Asena,
BakuPost