"West gold" yağlarının satışı adı altında vətəndaşa dələduzluq etməkdə təqsirləndirilən Məryəm Məmmədovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakupost.az Unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə baş tutan iclasda zərərçəkmiş İlahə Səlimova dindirilib.
O, 1995-ci ilədək Moskvada yaşadığını deyib:
"2020-ci ildə Azərbaycana qayıtdım. Daha sonra anam Rusiyaya geri dönməyə qoymadı. Orda salonda lazer işləri görürdüm. Mənim "Xalqlar dostluğu" ərazisində də evim var idi. Onu satdım ki, iş qurum. Bu ərəfədə Məryəmlə tanış olduq. Mənə dedi ki, "West gold" yağlarının satışı ilə məşğul olur, məhsulun kiloqramını 6 manatdan anbardan götürüb mağazaya 19 manatdan verir. Bildirdi ki, bu işdə yaxşı qazanc var, pul qoysam çoxlu gəlir əldə edərəm. İki ay ərzində ona ümumilikdə 76 min 300 manat vermişəm. Sonra şübhələnməyə başladım. Ondan sənəd istədim, mənə ""WhatsApp" vasitəsilə iş və şəxsiyyət vəsiqələrini atdı. Bacıma bunu göstərəndə dedi ki, dələduzdur. Mən onun tutulmasını istəmirəm, sadəcə pulumu qaytarsın".
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişdən pulu onun evində alıb.
Məhkəmənin növbəti iclası aprelin 15-nə təyin edilib.
Qeyd edək ki, Məryəm Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.