Ru
14:29 / 18 Mart 2026

ABŞ NATO-nu tərk edə bilər? – Sabiq nazirdən açıqlama

ABŞ NATO-nu tərk edə bilər? – Sabiq nazirdən açıqlama
Eye

İran ətrafında baş verən son hadisələr və ABŞ-ın müttəfiqlərdən dəstək gözləməsinə baxmayaraq NATO daxilində bu çağırışa müsbət cavab verilməməsi alyansın gələcəyi ilə bağlı sualları artırıb. Bəzi ekspertlər hətta Vaşinqtonun NATO-dan uzaqlaşa biləcəyini istisna etmir.

Mövzu ilə bağlı Bakupost.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, ABŞ-ın NATO-nu tərk edəcəyi ehtimalı real görünmür:

“ABŞ-a dəstək verilməməsi NATO-nun dağılması və ya Vaşinqtonun alyansa münasibətinin köklü şəkildə dəyişməsi anlamına gəlmir”.

Bununla belə, sabiq nazir baş verənlərin ciddi siqnal olduğunu vurğulayıb:

“NATO üzvlərinin Trampın çağırışına müsbət cavab verməməsi qurum daxilində qarşılıqlı etimadın zəiflədiyini göstərir. Bu, həm də onu sübut etdi ki, alyans üzv ölkələrin bir-birini müdafiə etmək kimi əsas funksiyasını hər zaman yerinə yetirməyə hazır deyil”.

Zülfüqarovun fikrincə, mövcud vəziyyət NATO-nun gələcək fəaliyyət modelinə də təsir edə bilər:

“Bu proseslərdən sonra NATO daha çox əməkdaşlıq platforması kimi fəaliyyət göstərmək istiqamətində dəyişə bilər”.

Qeyd edək ki, İran ətrafında yaranan gərginlik NATO daxilindəki fikir ayrılıqlarını açıq şəkildə üzə çıxarıb. ABŞ-ın xüsusilə Hörmüz boğazı ilə bağlı məsələdə dəstək çağırışına alyans üzvlərinin “yox” deməsi Vaşinqtonun NATO-ya münasibətində müəyyən soyuqluq yarada bilər.

Bu fonda bəzi dairələrdə ABŞ-ın gələcəkdə NATO-dan uzaqlaşa biləcəyi ilə bağlı ehtimallar da səsləndirilir. Lakin ekspertlər bunun daha çox siyasi ritorika və təzyiq aləti kimi qiymətləndirilməsinin daha doğru olduğunu bildirirlər.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar