Ru
15:02 / 12 Oktyabr 2026

Laçınlılar yas içindədir, deputat toya gedir: "Sənə ayıb olsun" - VİDEO

Laçınlılar yas içindədir, deputat toya gedir:  "Sənə ayıb olsun" - VİDEO
Eye

Mayın 7-də Bakı-Qazax magistralında baş verən ağır qəzada 4 laçınlı həlak olub. Hadisədən sonra Laçının deputatı Rövşən Muradovun davranışı rayon sakinlərinin narazılığına səbəb olub.

“Bakupost” xəbər verir ki, Laçın sakini Elçin Hüseynov deputatın faciə qurbanlarının yas mərasiminə qatılmamasını tənqid edib.

O bildirib ki, deputat yas mərasimi başa çatdıqdan sonra əlaqə saxlayıb, həmin vaxt Ağcabədidə olduğunu və toya getdiyini deyib.

E.Hüseynov deputatın bu münasibətini qınayaraq onu laçınlıların yanında olmamaqdan ittiham edib:
“Demək olar, Laçının bütün güc strukturları, İcra Hakimiyyəti, polis, prokurorluq – hamısı yasda iştirak etdi. Bircə Laçının deputatı gəlmədi. Səni Laçın sakinləri seçib, sən orada - o faciənin, qəmin-qüssənin içində olmalı idin. Yas qurtarıb, saat 5-dir. Zəng etmisən Möhəbbət kişiyə, deyirsən ki, mən indi bilirəm. Dörd gündür ağır yol qəzası baş verib, sən isə deyirsən ki, Ağcabədidəyəm, toya gedirəm. Heç olmasa, utan, "toy" sözünü dilinə gətirmə. Bütün el-oba sənin işindən narazıdır.
Nə vaxt sakinlərlə görüşürsən, məktəbdə işləyən 3-4 nəfəri çağırıb, yalandan şəkil çəkdirib "Facebook"da paylaşırsan.
Bəs indi hardadır deputat? Deyir ki, toya gedirəm. Əlbəttə, toylara gedəcəksən. Həqiqətən, sənə ayıb olsun!”

Qeyd edək ki, sözügedən qəzada 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb. Qəzada 4 nəfər həyatını itirib, 2 nəfər xəsarət alıb.

Həlak olanların yaxınlarının sözlərinə görə, onlar İmişli rayonundakı mal bazarından Bakıya gəlirmişlər. Ölənlər əslən Laçın rayonunun Kamallı kəndindən olublar.

Lalə Novruz, BakuPost





Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar