Ru
16:07 / 12 Oktyabr 2026

“İrandan Azərbaycana İslam dini deyil, fars şovinizmini ixrac edilir” - DEPUTAT

“İrandan Azərbaycana İslam dini deyil, fars şovinizmini ixrac edilir”  - DEPUTAT
Eye

Azərbaycanda dövlət orta məktəblərində şagird və müəllimlərin geyimi ilə bağlı tələblər müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Bu qaydalar məktəblərdə vahid yanaşmanın formalaşdırılması, təhsil prosesinin təşkili, daxili intizamın qorunması və işgüzar mühitin təmin olunmasını nəzərdə tutur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” sənədinə dəyişikliklər edilib. Dəyişikliklərə görə, müəyyən edilmiş geyim formasının vahidliyini pozmağa, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir.
Bu yanaşmadan təəssüf ki, bəzi qüvvələr öz maraqları naminə sui-isatifadə edərək, atılan addımı guya vicdan azadlığının pozulması kimi yozmağa başlayıblar.

Görünən odur ki, həmin dairələrin bu pozuculuq hərəkətləri xaricdən idarə olunur. İran daima din pərdəsi adı altında Azərbaycana qarşı təxribatlar törətməyə cəhdlər edib. İndi də cənub ölkəsi anoloji siyasətini davam etdirir. Halbuki, Azərbaycan bütün qonşularına, o cümlədən İrana münasibətdə də hər zaman mehriban qonşuluq siyasəti yürüdüb, onların daxili işlərinə müdaxilə etməyib.

İran isə bunun müqabilində şovinist siyasətindən əl çəkməyərək, Azərbaycana qarşı düşmən mövqe sərgiləməkdə davam edir. Təəssüf ki, ölkəmiz daxilində bəzi qüvvələr də Tehranın “şirin dilinə” aldanaraq, onların çaldığı havanı oynayırlar.

Milli Məclisin deputatı Elman Nəsirov “Bakupost”a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev YAP-ın 8-ci qurultayında çıxışı zamanı ölkəmizə daxildən təhdidlərin olmadığını və təhdidlərin xaricdən gəldiyini söyləyib:

“Bu təhdidlər də iki istiqamətdədir: fiziki və ideoloji təhdidlər. Fiziki təhdidlərlə bağlı sərhədlərimiz möhkəmləndirilib və bu məqsəd üçün müasir texnologiyalardan istifadə edilir. İdeoloji təxribatlar isə sərhəd tanımır. İndiki internet, kiberhücumlar zamanında bunu etmək də çox asandır. Dövlət başçısı vurğuladı ki, böyrümüzdə gecə-gündüz müasir platforma, cürbəcür resurslardan istifadə edərək, ölkəməzə ideoloji təzyiq və təsir göstərirlər”.

Deputat qeyd edir ki, Azərbaycan İranla münasibətlərdə də hər zaman mehriban qonşuluq siyasətinə sadiq qalır:

“Dövlətimizin xarici siyasət kursunun prioritet istiqaməti də ikitərəfli münasibətlər formatıdır ki, burada da qonşularla münasibətlər birinci yerdə dayanır. İran da qonşumuzdur. Deməli, ölkəmizin xarici siyasət kursuna görə hər zaman İranla əlaqələrin inkişafında maraqlı olmuşuq və həmişə bu siyasətə sadiq qalmışıq”.

Müsahibimiz təəssüflə bildirir ki, İrandakı müəyyən siyasi dairələr bəzi məsələlərdə dürüst mövqe tutmur:

“Ara-sıra, imkan düşdükcə Azərbaycana qarşı təzyiq və təhdid metodları, ideoloji təsir rıçaqlarından istifadə edirlər. Məktəbli və müəllimin geyim forması ilə bağlı söz-söhbətin geniş yayılması məsələsi və bunun sosial şəbəkələrdə şişirdilməsi, məsələ ilə bağlı çoxsaylı videogörüntülər, süni intellektdən istifadə etməklə feyk məlumatlar yaymaqla cəmiyyətdə çaşqınlıq yaratmaq tendensiyası sezilir”.

Bu isə deputatın fikrincə, mehriban qonşuluq siyasətinə uyğun gəlməyən məsələdir:

“İran hakimiyyətində sağlam qüvvələrin olduğuna da şübhəmiz yoxdur. Onlar fərqində olmalıdır ki, qonşu Azərbaycan dövlətilə münasibətlər sağlam ruhda olmalıdır. Digərlərinin daxili işlərinə qarışmaq prinsipindən uzaq olmalıdırlar”.

Sonda həmsöhbətimiz deyir ki, İran daxilində ölkəmizə qarşı ideoloji təsir mexanizmlərini işə salmaq istəyən qüvvələrin fəaliyyətini cilovlamaq üçün İranın ali rəhbərliyinin müəyyən konkret addımlar atacağına ümid bəsləyirik.

Milli Məclisin deputatı Hikmət Babaoğlu da qeyd edir ki, İran uzun illərdir Azərbaycanda din adı altında radikal məzhəbçilik və xürafatı təbliğ edir:

“Əldə etdiyimiz tarixi Zəfərdən sonra isə bu istiqamətdə addımlarını daha da şiddətləndirib. Tehranda hesab edirlər ki, güclü Azərbaycan İran vətəndaşı olan azərbaycanlılar üçün pis nümunədir. Onlara görə Azərbaycan müstəqil olmamalı, dili olmamalı, milli kimliyimiz və milli şüurumuz radikal məzhəbçilik altında əzilməlidir. Yalnız belə olarsa, onlar 30 milyonluq azərbaycanlını öz dilindən, təhsilindən məhrum və istismar edə, habelə müstəqil Azərbaycan dövlətini idarə edə bilərlər. Buna görə də İran güclü Azərbaycana qarşı mübarizə aparır”.

Bu da müsahibimizin fikrincə, dindən daha çox fars şovinizmidir:

“Onlar ölkəmizdə fars şovinizmini birbaşa təbliğ edə bilmədiklərindən, onu din adı altında edir, guya ki, vətəndaşlarımızın qeydinə qalırlar. Əslində isə onları xurafata sürükləyir, imkan vermir ki, həqiqi İslamla tanış olsunlar. Çünki həqiqi İslamı dərk edən hər bir azərbaycanlı eyni zamanda onu da dərk edəcək ki, İrandan Azərbaycana ixrac edilən din İslam deyil, fars şovinizmidir. Azərbaycan xalqı ilə qürur duyuram ki, İranın bu siyasətini aydın şəkildə dərk edir və ona qarşı mübarizə aparırıq. Azərbaycan həm inanclı, həm imanlı, həm də həqiqi İslamı dərk edən mömünləri olan bir cəmiyyətdir”.
Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar