Niderland hökumətinin miqrasiya siyasətinə qarşı keçirilən nümayişdən sonra Haaqada baş verən iğtişaşlar zamanı yeddi jurnalist yaralanıb.
Bakupost.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə jurnalistlərə qarşı zorakılıq və aqressiyaya qarşı mübarizə aparan “PersVeilig” təşkilatının nümayəndəsi Piter ter Velde məlumat verib.
Onun sözlərinə görə, təşkilata jurnalistlərdən müraciətlər daxil olmağa davam etdiyi üçün xəsarət alanların sayı arta bilər.
Son məlumata əsasən, toqquşmalar zamanı polis 37 nəfəri saxlayıb, dörd zabit isə xəsarət alıb.
Nümayiş şənbə günü Maliveld meydanında keçirilib, lakin bəzi etirazçıların polisə hücum etməsi aksiyanın qısa müddətdə iğtişaşlara çevrilməsinə səbəb olub. Etirazçılar polis avtomobilini yandırıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarını daş-qalaq ediblər. Kütləni dağıtmaq üçün polis su şırnaqlarından və dəyənəklərdən istifadə edib.
“RİA Novosti”nin müxbirinin məlumatına görə, vəziyyətin gərginləşməsi səbəbindən Haaqaya əlavə qüvvələr, o cümlədən xüsusi təyinatlılar və atlı polislər cəlb olunub.
Mitinq dağıdılsa da, etirazçı qruplar vağzal yaxınlığında polisə qarşı təxribatı davam etdiriblər. İğtişaşlar zamanı “Demokratlar 66” (D66) partiyasının ofisinin şüşələri sındırılıb, qərargahın girişindəki zibil konteyneri yandırılıb. Partiyanın lideri Rob Jetten isə bildirib ki, hadisə zamanı heç kim xəsarət almayıb.
Lalə,
Bakupost.az