Ölkə başçısı cənab İlham Əliyevin təşəbüssü ilə keçirilən Humanitar Forumlarda xeyli sayda böyük alimlər, “Nobel” mükafatı laureatları və dünyanın böyük yazıçıları iştirak ediblər. “Nobel” mükafatçılarının böyük tədbirlərə ayaq basmaları tarixi hadisə kimi dəyərləndirilir.
Bakupost.az xəbər verir ki, bu dəfə bəşəriyyətin nəhəng fiziklərindən olan Rudolf Mesbauer haqqında danışacağıq.
Rudolf Mesbauer doktorluq tədqiqatı zamanı 191-iridium izotopunda qamma şüalarının nüvə rezonans flüoressensiyasını (Mesbauer effekti) kəşf etmişdir. Mesbauer spektroskopiyasının əsasını təşkil edən "Mesbauer effekti"ni kəşf etdiyinə görə 1961-ci ildə Robert Hofştadter ilə birgə Fizika üzrə "Nobel" mükafatı almışdır.
“Mesbauer effekti” dolayısı ilə maddəni parçalamadan atomun valentliyini təyin etməyə imkan verir. Bu effekt kimyəvi katalizdə, arxeologiyada molekulların quruluşunda, valentlikdə, bərk cisimlər fizikasında, bioloji polimerlərdə istifadə olunur. Onun vasitəsilə Eynşteynin təsəvvür etdiyi fotonu da “çəkmək” mümkündür.
Bu dahi şəxsiyyət ötən əsrin 80-ci illərində Bakıda və Şuşada qonaq olub.
Bəs bu necə baş vermişdi?
Görkəmli tərcüməçi, alimlər arasında dialoq körpüsü yaradan Natalya Virtanın dilindən səfər təəssüratlarını anladacağıq.
Virta yazır:
“Yura (Akademik Yuri Kaqan – red.) ilə Bakıya uçduq. Bizimlə birgə Bakıya yüksək səviyyəli qonaq Rudolf Mesbaueri də gətirdik. Aeroportda bizi dostumuz Hafiz Paşayev bacısı Elmira xanım və qızı Cəmilə ilə birgə çox səmimi qarşıladı. Hafiz müəllim uzaq keçmişdə mənim həyat yoldaşım, akademik Yuri Kaqanın aspirantı olmuşdu. Xoşbəxt ailənin qonağı olmaq hər insana qismət olmur. Bu baxımdan Hafiz Paşayevin ailəsi unikaldır. Mən, həyat yoldaşım və Rudolf hər diqiqə bizə göstərilən qayğını, səfərimizin necə rahat, maraqlı və xoş keçdiyini heç zaman unutmadıq. Paşayevlərin insanlara münasibəti sadəcə qibtə olunasıdır. Hafiz müəllimin anası Püstə xanımın bizi əzizləməsi və göstərdiyi yüksək nəvaziş yaddaşımıza əbədi həkk olundu. Onun çöhrəsində həyat yoldaşı, Azərbaycanın Xalq yazıçısı, görkəmli alim Mir Cəlal Paşayevin vəfatından sonra bir kədər yaranmışdı. Amma buna baxmayaraq, üzünə qonaqpərvərlik təbəssümü də qonmuşdu. Mir Cəlalın irsi orta məktəblərdə tədris olunur, müxtəlif dillərə tərcümə edilib. “Bir gəncin manifesti”, “Yolumuz hayanadır”, “Yaşıdlar”, “Dirilən adam”, “Açıq məktub” kimi monumental əsərlərin müəllifidir. Hafiz Paşayev ABŞ-də tədqiqatlarını davam etdirməyə yollananda məşhur alim Aleks Maradudinin yanında 2 illik təcrübə keçəndən sonra fizika-riyaziyyat üzrə doktorluq dissertasiyası müdafiə etmişdi.
Bizə açılan süfrə ətrafında əsas diqqət Mesbauerə yönəlmişdi. Onun Bakıya gəlişinin elmi proqramı müzakirə olundu. Azərbaycanın akademik çevrəsi üçün nəhəng fiziklə görüşmək fürsəti yaranmışdı.
Mesbauerin auditoriyanı ovsunlamaq kimi fitri bacarığı var idi. Fikrini seçilmişlər, yüksək təhsillilər üçün başa düşüləcək xırdalıqlarla izah edirdi. Zalda əyləşənlər ətrafdakı xaos və anarxiyaya qələbə çalmış nəhəng alimin nitqinə qulaq asdıqca özlərini xoşbəxt his edirdilər. Mühazirə ingilis dilindən rus dilinə çevrilirdi. Mühazirədən sonra sanki zalı don vurmuşdu. Bir az sonra çıxışın təsirindən ayılan auditoriya onu sürəkli alqışladı. Sual verən olmadı. Görünür ki, Şərqdə böyük alimə sual verib, onu narahat etmək məqbul sayılmır.
3 gündən sonra bizi doğma yurduna aparmaq üçün Hafiz müəllimin etibarlı dostu Eldar müəllim gəldi. Biz maşınla neçə kilometr getdiyimizi bilmədik. Lakin bu ölkənin bəzək-düzəksiz və qrimsiz olduğunu gördük. Yolüstü dayandığmız çayxanada ilk dəfə gördüyümüz adamlar bizi doğmaları kimi qarşıladılar. Şərq qonaqpərvərliyini təsvir etmək mümkün deyil.
Nəhayyət Şuşaya çatdıq və bizi Eldarın qohumlarına məxsus malikanədə qonaqladılar. Şuşada olduğumuz müddətdə uzun müddətlik uçuş zamanı canımıza hopan yorğunluq çıxdı. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən şəhərin əvvəlki adı Pənahabad olub.
Burada təbii ipək parçanın istehsalı zamanı gördüyümüz qadın cəldliyi və hövsələsi bizi riqqətə gətirdi. Fabrikdə Rudolfun həyat yoldaşı üçün əsl ipəkdən parça hədiyyə olundu.
Bu insanların həmrəyliyindən riqqətə gəldik. Burda insan insanla qardaşdır. Mesbauer təəccüb içində idi. Qafqazın ürəyində olduğunu düşünəndə, ocaqda otlardan dəmlənmiş ətirli çayın tamına baxanda, Alp çəmənliyi ilə əhatə olunan dağların zəncirini və başımızın üstündəki səmanın sonsuzluğunu görəndə məmnunluğunu gizlədə bilmirdi. Lakin biz heç təsəvvür edə bilməzdik ki, belə bir şəhər tezliklə amansız müharibə meydanına çevriləcək. Yenidən qan töküləcək və insanlar torpağa gömüləcək. Danışıqlar yolu ilə bu problemi həll etmək mümkün olmazdımı? Bütün bu sualları səyahətəmizdən sonra Moskvada davam etdirdik. Biz Şuşadan və orada yaşayan azərbaycanlılardan çox şey öyrəndik”.