Bakıda abadlıq və yenidənqurma işlərinə milyonlarla manat ayrılır. Parkların, səkilərin və yaşayış həyətlərinin yenilənməsi planlaşdırılır. Bu məqsədlə müvafiq işlərin satın alınması üzrə tender elan olunub. Satınalmanın ehtimal olunan dəyəri 64 milyon 951 min 891 manat təşkil edir.
Bununla belə, paytaxtda abadlıq işlərinin planlaşdırılması bir sıra sualları da ortaya çıxarır. Şəhərdə ən problemli ərazilər hansılardır? Abadlıq mərkəzi ərazilərlə bərabər kənar qəsəbələri də əhatə edəcəkmi?
Mövzu ilə bağlı
Bakupost.az-a açıqlama verən tanınmış memar Cahid Həsənov bildirib ki, bu günə qədər istismara verilmiş parklar və aparılmış abadlıq işlərinə baxmayaraq, paytaxtda görüləsi işlər hələ çoxdur:
“Elə parklar var ki, hələ SSRİ dövründən təmir olunmayıb – döşəmələr çöküb, səkilər dağılıb. Məsələn, şəhərin mərkəzində hamımızın tanıdığı Səməd Vurğun küçəsinə birləşən Zorge parkı. Bu park sovet dövründə qəhrəmanlıq salnaməsini tərənnüm etdirmək üçün salınmış gözəl bir parkdır. Ensiz olsa da, uzun ərazisi var. Orada məşhur kəşfiyyatçı, bakılı Rixard Zorgenin heykəli var. Məsələn, ilk olaraq bu parkın təmir olunması lazımdır. Güman edirəm ki, ayrılan vəsaitdə bu da nəzərdə tutulub.
Bununla yanaşı, yalnız mərkəz deyil, paytaxtın kənar qəsəbələrində yerləşən, yaşı 50 ildən çox olan parkların, səkilərin və digər ictimai məkanların da yenidən qurulmasına ciddi ehtiyac var”.
Lalə, BakuPost