Ankarada TÜRKSOY-un təşkilatçılığı ilə Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbir keçirilib.
Bakupost.az xəbər verir ki, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov geniş çıxış edərək yubilyarın həyat və fəaliyyətinə ətraflı toxunub, onun həm ədəbiyyatda, həm də Azərbaycanın müstəqillik tarixində oynadığı rolu xüsusi vurğulayıb.
Səfir bildirib ki, Sabir Rüstəmxanlı təkcə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi deyil, həm də müstəqillik ideyasının formalaşmasında mühüm rol oynamış siyasi fiqurdur:
“O, hələ müstəqilliyimizdən əvvəl xalqı istiqlala aparan yolun açılmasında iştirak edən, milyonların qarşısına çıxaraq onlara istiqamət verən öncül şəxslərdən biri olub”.
Diplomat bildirib ki, 1980-ci illərdə Sovet İttifaqının dağılması fonunda müstəqil Azərbaycan ideyasının formalaşmasında Sabir Rüstəmxanlının xüsusi rolu olub. Onun sözlərinə görə, həmin dövrdə bir çoxları müstəqilliyə inanmırdı, lakin Sabir Rüstəmxanlı qorxmadan bu ideyanı müdafiə edirdi:
“O zaman cəmi 40 yaşı var idi. Amma o, qorxmadan, çəkinmədən milyonların qarşısına çıxaraq bu ideyanı müdafiə edirdi”.
Səfir çıxışında yubilyarın siyasi fəaliyyətinə də toxunub. Qeyd edib ki, Sabir Rüstəmxanlı uzun illər millət vəkili, nazir və partiya rəhbəri kimi dövlətə və xalqa xidmət göstərib. O, hətta müxalifətdə olduğu dövrlərdə belə dövlət mövqeyindən çıxış edib:
“Torpaqlarımız işğal olunduğu, ölkəmizin ağır günlər yaşadığı dövrlərdə belə Sabir müəllim heç vaxt dövlətə və millətə qarşı çıxmayıb”.
Rəşad Məmmədov 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Sabir Rüstəmxanlının dövlətə dəstək verdiyini də xüsusi qeyd edib.
Çıxışda türk dünyasının ortaq dəyərlərinin yetərincə tanıdılmaması məsələsinə də toxunulub. Səfir bildirib ki, hər bir türk dövləti öz tanınmışlarını yaxşı tanıyır, lakin bu şəxsiyyətlərin ümumtürk miqyasında tanıdılması daha vacibdir:
“Bunlar ortaq dəyərlər olduğu üçün hər birimizin onları eyni səviyyədə tanıması çox vacibdir”.
Səfir Sabir Rüstəmxanlının müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarının formalaşmasında rolunu xüsusi qeyd edərək bildirib ki, bu proseslərin canlı şahidləri bu gün də aramızdadır.
Çıxışının sonunda Rəşad Məmmədov yubilyarı “millətin ağsaqqalı” adlandırıb və onun cəmiyyət üçün əhəmiyyətini belə ifadə edib:
“Sabir müəllim hər birimiz üçün bir ata, bir ağsaqqaldır. O, millətin çətin anlarında məsuliyyəti üzərinə götürən, milyonlara yol göstərən şəxsiyyətdir”.
Səfir yubilyara uzun ömür arzulayaraq çıxışını bu sözlərlə yekunlaşdırıb:
“Siz bu millətə çox şey vermisiniz və heç kimə borcunuz yoxdur. Yaşayın və yaradın”.