Britaniyanın keçmiş Baş naziri Boris Conson bildirib ki, London və onun "könüllülər koalisiyası"ndakı tərəfdaşları sülh razılaşması əldə edilməzdən əvvəl də silahlı qüvvələrini Ukraynaya göndərməlidirlər.
“Bakupost” xəbər verir ki, o Qərb hərbi qüvvələrinin artıq logistika vəzifələrini öz üzərinə götürməli olduqlarını deyib.
“Onların Ukraynanın təhlükəsiz olan ərazilərində logistika və dəstək funksiyalarını yerinə yetirmək üçün indi yerləşdirilməməsi üçün heç bir səbəb yoxdur. Onlar cəbhə xəttindən uzaqda yerləşəcək və heç bir riskə girməyəcəklər. Onların iştirakı tamamilə simvolik olardı və yalnız nümayiş etdirməyə xidmət edərdi ki, hansı ölkələrin qoşunlarının ərazilərinə buraxılacağına Kreml deyil, ukraynalılar qərar verməlidirlər", - deyə Conson bildirib.
Sonda Conson tərəfdaşlarını qətiyyətsizliyə və tərəddüdə son qoymağa çağırıb.
Consonun təklifi reallaşa bilərmi? Rusiyanın ona reaksiyası nə olacaq?
Politoloq Natiq Miri
“Bakupost”a bildirib ki, Consonun təklifi Rusiyanı fakt qarşısında qoymağa hesablanıb:
“Rusiya hansısa bir NATO qüvvəsinin Ukraynada yerləşməsini qəbul etmir. Belədə, Moskva açıq şəkildə bildirir ki, üçüncü tərəfin hərbi qüvvələri Ukraynada yerləşəcəksə, onlar Rusiya ordusunun legitim hədəfinə çevriləcək. Çünki Moskva buna razı olmayacağını bildirir və NATO-nun 1997-ci il sərhədlərinə çəkilməsini tələb edir. Bu tələbə görə, NATO 1997-ci ildən sonra quruma qəbul olunan 16 ölkədə yerləşdirdiyi bütün hərbi infrastrukturu ləğv etməlidir”.
Belə vəziyyətdə müsahibimizə görə, Consonun təklifi danışıqları pozacaq element ola bilər:
“Çünki bu NATO qüvvələrinin Ukrayna ərazisində yerləşməsi anlamına gəlir”.
Bütün hallarda müsahibimiz təklifin işə yarayacağını da düşünmür:
“Çünki belə bir vəziyyət danışıqları pozmaqla bərabər, eskalasiyanı da şiddətləndirə bilər. Amma onu da deyək ki, Conson vaxtilə Ukrayna hava məkanının bağlanmasını xahiş edərkən, ona dəstək verməyib. Zamanında hava məkanı bağlansaydı, bu NATO-nun Rusiyaya qarşı ciddi iradəsi demək olar və Ukraynanın infrastrukturu bu səviyyədə dağılmazdı. Alyansın qorxaq siyasəti və bu əsasda zamanında Kiyevi NATO-ya qəbul etməməsinin nəticəsidir ki, 2022-ci ilin fevralında Rusiya Ukraynaya hərbi təcavüz etdi. Bu mənada Consonun təklifinin reallaşacağını düşünmürəm”.
Politoloq ümumiyyətlə, Aİ-nin bu cür operativ və cəsarətli addım atacağına böyük şübhə ilə yanaşır:
“Aİ heç Rusiya ilə danışıqlar aparacaq nümayəndələri belə seçə bilmir”.
Rüfət Sultan,
BakuPost