Ru
09:55 / 29 Noyabr 2021

“"Hökumət buludu"na keçid ləngiyir, qurumlar tələblərdən yayınır” - Ekspert

2593
“İki il öncə “Hökumət buludu”nun yaradılması ilə Prezidentin fərmanı olub. Məqsəd​ dövlət qurumlarının İT​ xərclərinin optimallaşdırılması, dövlət informasiya sistemlərinin formalaşdırılması və saxlanılmasının effektiv təşkili yolu ilə büdcə xərclərinin azaldılması olub. Yəni, anlaşıqlı desək, dövlət​ kənarda vahid bir Data Mərkəz və onun ehtiyat Mərkəzini də​ formalaşdırıb ki, ayrı-ayrı dövlət qurumları hər il serverlərə , məlumat bazalarına və onların təhlükəsizliyinə pul xərcləməsinlər. Ötən il dövlət qurumlarının milyonlarla vəsait xərclənərək yaradılan "Hökumət buludu"na miqrasiyası ilə bağlı​ Nazirlər Kabineti​ Keçid Planı da təsdiqləyib. Amma eSatınalma Portalına nəzərə salanda görmək olar ki, hələlik bu keçid baş tutmayıb”.

Bakupost.az xəbər verir ki, bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Forum prezidenti qeyd edib ki, adi bir monitorinqlə müəyyən etmək olar ki, Prezidentin bununla bağlı fərmanı​ hələlik icra edilməyib. Milyonlarla vəsaitlər hələ də ayrı-ayrı dövlət qurumlarında serverlərin alınması və məlumat bazaları ilə bağlı xərclərə yönəldilir:

“Əksinə​ təkcə son bir ildə dövlət qurumları "Hökumət buludu"nda deyil, öz Data Mərkəzlərində serverlərin alınmasına, məlumat bazalarının saxlanılmasına 5 milyon manatdan çox vəsait xərcləyiblər. Bu, hələ açıqlanan rəqəmlərdir. Elə son aylarda Maliyyə Nazirliyi severlərin alınması üçün SİNAM şirkətinə 1 milyon manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu da yenə eyni qaydada server avadanlıqlarına, informasiya ehtiyatlarına dəstəyin göstərilməsinə 1 milyon manatdan çox vəsait xərcləyiblər. XİN, K/T Nazirliyi də bu məqsədlər üçün yetərincə vəsaitlər xərcləyiblər.

Onda maraqlı sual yaranır. Əgər dövlətin xərcləri optimallaşmaq əvəzinə, qənaət əvəzinə artacaqsa, həm dövlət qurumlarında, həm də "Hökumət buludu"nda xərclər formalaşacaqsa,​ ümumiyyətlə, "Hökumət buludu" lazımdırmı?”.

O. Gündüz bildirib ki, Prezidentin fərmanı əsasında "Hökumət buludu"nun operatoru Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir, Nazirliyin Azİntelecom qurumu da bulud provayderi funksiyasını icra edir.​

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə dövlət qurumlarının təqdim etdikləri layihələrə texniki və səmərəlilik baxımından rəy verərkən “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələbləri də nəzərə almalıdır. Amma görünən odur ki hələlik bu sahədə ciddi problemlər var. Paralelçilik hökm sürür. Bəzi dövlət qurumlarında hələ də oxşar xərclər üstünlük təşkil edir. ​ Hökumət buluduna keçid ləngiyir, bəzi dövlət qurumları da görünür ki, açıq-aşkar bununla bağlı tələblərdən yayınırlar:

“Düşünürəm ki, cavabdeh dövlət qurumları Prezidentin "Hökumət buludu" ilə bağlı fərmanının icrası üçün səylərini gücləndirməlidirlər”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər