İranın bəzi diplomatlarının rejimə xidmətdən imtina edərək xaricdə siyasi sığınacaq istəməsi ölkədə daxili narazılığın artması barədə müzakirələri yenidən gündəmə gətirib.
Bunu
Bakupost.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov bəzi iranlı diplomatların artıq rejimə xidmətdən imtina edərək xarici ölkələrə sığınmasını şərh edərkən deyib.
“Müharibə şəraitində iki iranlı diplomatın atdığı bu sayaq addımlara istisna hal kimi baxmamalıyıq. Onların ardınca İran daxilində də müəyyən məmurlar analoji addımlara gedə bilər. Yəni bundan sonra da İranda mövcud şəraitdən yararlanaraq, rejimə etiraz etməklə xaricə qaçmağa cəhd edən yüksək çinli məmurlar tapılacaq”, – politoloq bildirib.
Amma politoloq prosesin kütləvi xarakter alacağını düşünmür:
“Ona görə ki, hazırda İranda vəziyyət tam dağılma mərhələsinə gəlib çatmayıb. Bunun üçün hər hansı bir siqnal yoxdur. Bu səbəbdən əksər məmurlar gözləmə mövqeyindədir”.
Qeyd edək ki, İranın müxalifət nəşri olan “Iran International” məlumatlı mənbələrə istinadən Danimarka və Avstraliyada xidmət edən iranlı diplomatlar – Əlirza Söhbəti və Məhəmməd Purnəcəfin həmin ölkələrin hökumətlərinə siyasi sığınacaq üçün müraciət etdiklərini bildirib.
Nəşrdə həmçinin vəzifələrindən istefa vermək istəyən İran rəsmilərinin sayının artdığı da qeyd olunur.
Rüfət Sultan, BakuPost