Ru
15:15 / 06 Oktyabr 2021

“İran rəsmiləri Azərbaycana böhtan atır” - Millət vəkili

“İran rəsmiləri Azərbaycana böhtan atır” - Millət vəkili
Eye

İran-Azərbaycan arasında baş verən gərginləşmə günün əsas müzakirə mövusudur.

Bu gün İran Azərbaycanla sərhəd yaxınlığında “Shahed-191” pilotsuz uçuş aparatlarını havaya qaldırıb. 7 dron Azərbaycan sərhədi boyunca hərəkət etdikdən sonra öz bazalarına qayıdıb.

Məsələ ilə bağlı Bakupost.az -a danışan millət vəkili Cavid Osmanov bildirib ki, İranın ölkəmizə qarşı qərəzi mövqeyi, şər-böhtan xarakterli bəyanatları Azərbaycan cəmiyyətinin hiddətinə səbəb olub:



“Azərbaycan 30 il müddətində Ermənistan tərəfindən ərazilərimizə yürütdüyü işğalçılıq siyasətinə, eyni zamanda vandalizmə də son qoydu. 30 il müddətində Ermənistan terrorçuları, vandalları təkcə şəhərlərimizə, kəndlərimizə, xalqımıza qarşı soyqrımlar törətməyiblər, eyni zamanda dini abidələrimizi də məhv və təhqir ediblər. Ona görə də, bütün islam ölkələri Ermənistanı qınayıb və Azərbaycana dəstək olublar. Hətta bir sıra islam ölkələri var ki, Ermənistanla 1-ci Qarabağ müharibəsi başlandığı gündən bu günə kimi diplomatik əlaqələri kəsib və indiyə kimi bərpa etməyib. Amma təəssüf ki, son zamanlar Azərbaycan dost və mehriban münasibət bəslədiyi İran tərəfindən Azərbaycana qarşı qərəzli və böhtan xarakterli bəyanatlar səsləndirilir. Əlbəttə ki, bu, əsla qəbuledilməzdir. Birincisi, dini abidələrimizi dağıdan, təhqir edən Ermənistanı özünə dost, qardaş adlandıran islam ölkəsinin Azərbaycana qarşı belə mövqe bəsləməsi başadüşülən deyil və qəbuledilməzdir. Haqlı olaraq son zamanlar İranın əyalət mollası tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatlarla başlanan və artıq İranın rəsmi mövqeyinə çevrilən bu bəyanatlara qarşı cəmiyyətimiz tərəfindən ciddi təpkilər var”.



Millət vəkili bildirib ki, İranın rəsmi şəxsləri tərəfindən səsləndirilən fikirlərin hamısı böhtan xarakterlidir:

“İran rəsmilərinin dilindən səslənən fikirlərdə şər-böhtan var. Azərbaycan müstəqil siyasət yürüdür. Azərbaycanın istər daxili, istərsə də xarici siyasəti müstəqildir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq uzun illərdir, müstəqil siyasət həyata keçirir. Azərbaycan öz müstəqil iqtisadiyyatını qurub və müstəqil siyasətini də yürüdən ölkədir. Azərbaycanın qələbəsindən, güclənməsindən, qüdrətlənməsindən narahat olan İranın Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi başadüşülən deyil və haqlı olaraq da Azərbaycan ictimaiyyəti tərəfindən çox ciddi narazılıqla qarşılanır.


30 il müddətində Ermənistan işğalçılıq siyasəti yürüdərkən və Azərbaycan-İran sərhədinin 130 km hissəsini işğal altında saxladığı müddətdə İran heç vaxt bu ərazilərə yaxın yerlərdə hərbi təlimlər keçirməyib. Əlbəttə, hərbi təlimlərin keçirilməsi İranın daxili işləridir, amma indiki məqamda bu, hərbi təlimlərin keçirilməsi başadüşülən deyil. Digər bir tərəfdən İran Azərbaycana qarşı böhtan ataraq, bildirir ki, guya, Azərbaycan ərazilərində digər ölkələrin və xüsusən də İsrail qüvvələri birləşibdir. Bunlar cəfəng, gülüş doğuran fikirlərdir.



Bir daha qeyd edirəm ki, Azərbaycan müstəqil siyasət yürüdür və Azərbaycanın bu siyasəti yürütməsinə heç bir qüvvə mane ola bilməz. Bundan sonra da Azərbaycan müstəqil siyasət yürütməyə davam edəcəkdir. Azərbaycanın ərazisində heç bir kənar qüvvələr mövcud deyil. İranın terrorçuların burada mövcudluğunu bildirən cəfəng xarakterli fikirləri birbaşa, açıq şəkildə böhtandır və qərəzdir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sülhməramlı kontingent yerləşir. Qardaş Türkiyə ilə birgə monitorinq mərkəzi burada fəaliyyət göstərir. Bu da qarşılıqlı əməkdaşlıq və beynəlxalq hüquq çərçivəsində həyata keçirilən tədbirlərdir. Azərbaycanın heç vaxt hər hansı bir qonşu ölkəyə təhdid və ərazi iddiaları olmayıb.

Azərbaycan bölgədə sülhün, əmin-amanlığın təmin olunmasında artıq mühüm faktora çevrilən bir ölkədir”.

Fəridə Söhrabqızı
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar