KTMT-də fəaliyyətini donduran Ermənistan artıq təşkilatdan çıxmaq barədə də danışmağa başlayıb.
Ən azından Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatı belə düşünməyə əsas verir.
Erməni baş nazir parlamentdə hökumətin 5 illik proqramının müzakirəsi zamanı bildirib ki, İrəvan növbəti beş ildə KTMT-yə qayıtmağı planlaşdırmır və təşkilatdan çıxarılsa, çox sevinər.
“Əminliklə deyə bilərəm ki, KTMT-də işimizi gücləndirmək niyyətində deyilik. Təşkilat Ermənistan Respublikasını xaric etmək qərarına gəlsə, çox sevinərəm. Heç olmasa, çıxıb-çıxmamaq dilemmasından azad olacağıq”, – deyə hökumət başçısı qeyd edib.
Görəsən, KTMT üzvlərinin Paşinyanın fikrinə reaksiyası nə olacaq? Onlar İrəvanla birdəfəlik vidalaşmaq qərarı verə bilərlərmi?
Siyasi şərhçi Azər Qasımov
“Bakupost”a bildirib ki, KTMT əhəmiyyətini itirmiş bir qurum kimi Ermənistanın onun tərkibində varlığından heç nə qazanmaz:
“Bu reallıq Ermənistan üçün də, KTMT üçün də heç bir əhəmiyyət kəsb etmir”.
Həmsöhbətimiz hesab edir ki, Paşinyan bu məsələni KTMT-nin üzərinə atmaqla əslində onlara fikir verir və məsələyə biganə olduğunu göstərmək istəyir:
“Paşinyanın Ermənistanı KTMT-dən çıxarmaqda tərəddüd etməsi Rusiya qorxusu ilə əlaqəlidir. Rusiyanın göstərəcəyi reaksiyanın təhlükəsindən çəkinir. Ona görə də indi topu qərar vermələri üçün onların tərəfinə atır. Onlar özləri bunu edərsə, Ermənistan bundan çox şey itirməz. Ermənistan bundan məmnun olar. Paşinyan da bunu deyir”.
Amma ekspert əmindir ki, Rusiya başda olmaqla, KTMT Paşinyanın bu istəyinə müsbət cavab verməyəcək:
“Paşinyan da yaxşı bilir ki, onlar bunu etməyəcəklər. Çünki bir üzvünü bu şəkildə təşkilatdan çıxarmaq KTMT üçün nüfuz itkisi olar. Yəni KTMT nə gündədir ki, Ermənistan kimi zəif bir ölkə onu bəyənmir, onun təmin etdiyi müdafiədən imtina edir və onu tərk edir. KTMT üzvləri buna getməzlər. Çünki bu, özlərinin olduğu bir təşkilatın zəifliyini etiraf etmək demək olar. Onda onların bu təşkilatda varlığı da mənasız olar və bu da KTMT-nin dağılması anlamına gələr”.
Rüfət Sultan
BakuPost