Kağız jurnalistikası, kağız ədəbiyyatı, ümumiyyətlə, ifadə caizsə, kağız kitabı dövrü öz qürubunu yaşayır. Nə qədər ağır olsa da, bu həqiqəti qəbul etməyə, reallıqla barışmağa məhkumuq.
Bakupost.az xəbər verir ki, bunu tanınmış jurnalist Mehman Cavadoğlu APA-ya geniş müsahibəsində deyib.
İsmayıllıdakı ata evində çox zəngin kitabxanası olduğunu deyən Mehman Cavadoğlu bildirib ki, orada qadağan olunmuş kitabları var idi:
"Bir otaq və qarşısındakı şüşəbəndli balkon başdan-başa kitab şkafları və rəfləridir. Birini 100-150 manata aldığım kitablar var idi. Söhbət sovet dövrünə qadağan olunmuş kitablardan gedir. Bu kitabların bəziləri xaricdən gizli yolla gətirilirdisə, bəziləri bolşevik inqilabından əvvəl, bəzilərisə sovetin ilk illərində nəşr olunmuş, amma sonradan qadağan edilmiş kitablar idi. Kitab alveriylə məşğul olan xüsusi adamlar var idi onlardan, bəzən də “Bukinist”dən alırdıq. Belə nadir kitablardan birini Aqil Abbas mənim toyuma salmışdı. İndi də rayondakı bəzi qohum və dostlarım onu televizorda görəndə deyir ki, Mehmanın toyuna kitab salan oğlan danışır.