İyunun 24-də Azərbaycan Beynəlxalq Bankının kart hesablarında yaranan anoloji problem “Azericard” prosessing mərkəzindən qaynaqlanırdı. Bu mərkəzdə xidmət olunan bütün banklarda həmin problem hiss olundu. Müəyyən saatlarda vəsait azaldı, amma sonra geri qaytarıldı.
Bu sözləri
Bakupost.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov banklarda yaranan texniki problem və dəyən mənəvi zərər barədə danışarkən deyib.
O bildirib ki, problemlə qarşılaşan vətəndaşlar iki halda məhkəməyə şikayət edib, kompensasiya tələb edə bilər:
“Kompensasiya tələbi o vaxt mümkündür ki, vətəndaş məhkəmədə bunun nəticəsində ona maddi və ya mənəvi zərər dəydiyini sübut edə bilsin. Maddi zərər dedikdə, məsələn vətəndaş həmin gün kredit ödənişi etməli idi və bu problemə görə gecikmə yarandı. Burada konkret zərər var. Bunu sübut etmək də asandır.
Mənəvi zərəri sübut etmək isə daha çətindir. Bunun üçün bizdə təşəkkül tapmış məhkəmə təcrübəsinə görə, həqiqətən mənəvi sarsıntılar keçirdiyini əsaslandırmaq vacibdir. Aydın məsələdir ki, kiçik məbləğlər üçün bunu etmək asan deyil.
Hər bir halda buna məhkəmə qərar verir. Normal hüquq sistemi olan ölkələrdə təbii ki, məhkəmələr dəyən mənəvi zərəri təmin edir”, - deyə hüquqşünas əlavə edib.
Qeyd edək ki, iyunun 24-də banklarda texniki problem yaranıb və kütləvi olaraq bir çox müştərinin hesabından pul vəsaiti silinib.
Xanım Səbuhi