Ru
16:45 / 01 Sentyabr 2026

Koçaryanın həbsi Rusiya ilə Ermənistanın ortaq oyunudur

Koçaryanın həbsi Rusiya ilə Ermənistanın  ortaq oyunudur
Eye

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Koçaryanı doğum günü münasibətilə təbrik edib.

“Bakupost” xəbər verir ki, hazırda istintaq təcridxanasında saxlanılan Koçaryana ünvanlanan teleqramda Putin onun Rusiya-Ermənistan münasibətlərinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.

Qeyd edək ki, avqustun 27-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Robert Koçaryan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, Putin Koçaryan bir neçə il əvvəl ilk dəfə həbs ediləndə də onu ad günü münasibətilə təbrik etmişdi. Həmin təbrikdən bir müddət sonra Koçaryan azadlığa buraxılmışdı. İndi isə Ermənistanın keçmiş prezidenti yenidən həbsdədir.

Görəsən, bu dəfə də analoji situasiya təkrarlana və Moskva Koçaryanın azadlığa buraxılması üçün İrəvana təsir göstərə bilərmi?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “Bakupost”a bildirib ki, həm Koçaryan ətrafında baş verənlər, həm də Nikol Paşinyanın Moskva əleyhinə çıxışları Ermənistanla Rusiyanın pərdə arxasında yürütdükləri siyasət fonunda görüntü xarakterli oyun təsiri bağışlayır:


“Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra Nikol Paşinyanın Moskvaya münasibətdə səsləndirdiyi fikirlər və atdığı addımlar sanki oyun xarakteri daşıyır. Rəsmi İrəvan bəyanatlarına rəğmən nə KTMT-dən, nə də Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxır, nə də ölkədəki Rusiya hərbçilərinin çıxarılması istiqamətində addım atır. Eyni zamanda, İrəvan Rusiya ilə enerji və ərzaq sahələrində iqtisadi əlaqələrini də davam etdirir”.

Müsahibimiz deyir ki, Paşinyan hökuməti sanksiyalardan yayınmağa çalışan Rusiyaya şərait yaratmaqla həm öz büdcəsini doldurmaqda maraqlıdır, həm də Qərblə Rusiya arasında balansı qorumağa çalışır. Onun fikrincə, İrəvan bu siyasətlə tərəflərdən heç birinin hədəfinə çevrilməməyə çalışır.

Ekspertin sözlərinə görə, Robert Koçaryan artıq siyasi çəkisini itirib:

“Robert Koçaryan siyasi meyitdir. Onun ətrafındakıların da heç bir siyasi çəkisi yoxdur. Koçaryanın həbsi və bu zaman Vladimir Putin tərəfindən ad günü münasibətilə təbrik edilməsi Ermənistan cəmiyyəti üçün heç bir əhəmiyyət kəsb etmir. Rusiya sadəcə belə bir görüntü yaradır ki, Ermənistan Qərbin gözündə Moskvadan üz döndərmiş ölkə kimi görünsün. Bu yolla da ilk növbədə sanksiyalardan yayınmaq üçün Ermənistandan dəhliz kimi istifadə etməkdə davam edir”.

X.Bəşirov qeyd edir ki, Paşinyan Rusiyanın Ermənistan üçün strateji müttəfiq olmadığını göstərmək istəyirsə, bunun üçün konkret addımlar atmalıdır:

“Rusiyanın hərbi bazası Ermənistandan çıxarılmalı, ölkə KTMT və Aİİ-dən tamamilə uzaqlaşmalıdır. Bunlar baş verməyincə, Paşinyanın atdığı bütün addımlar, o cümlədən Koçaryanın həbsi də İrəvanın oyunu, görüntü yaratmaqdan başqa bir şey deyil. Bu oyun isə birtərəfli qaydada oynanılmır – Rusiya da burada yer alır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar