Ru
10:21 / 06 Mart 2026

Konqresdən Trampa dəstək –Nümayəndələr Palatası qətnaməni rədd etdi

Konqresdən Trampa dəstək –Nümayəndələr Palatası qətnaməni rədd etdi
Eye

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarının Konqresin təsdiqinə bağlanmasını nəzərdə tutan “müharibə səlahiyyətləri” qətnaməsini qəbul etməyib.

Bakupost.az “Axios”a istinadən xəbər verir ki, səsvermə zamanı sənəd 212 lehinə, 219 əleyhinə səslə rədd edilib. Qətnamə respublikaçı konqresmen Tomas Massi və demokrat Ro Xanna tərəfindən təqdim olunmuşdu. Sənəd prezidentin Konqresin rəsmi icazəsi olmadan İrana qarşı hərbi əməliyyatlar aparmasını məhdudlaşdırmağı nəzərdə tuturdu.

Səsvermə əsasən partiya xətti üzrə keçib. İki respublikaçı deputat demokratlarla birlikdə qətnaməni dəstəkləsə də, dörd demokrat respublikaçılarla birlikdə sənədin əleyhinə səs verib.

Nümayəndələr Palatasındakı səsvermə ABŞ Senatında oxşar təşəbbüsün rədd edilməsindən bir gün sonra baş tutub. Senatda təqdim olunan və prezidentin İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmağı nəzərdə tutan qətnamə 47-yə qarşı 53 səslə qəbul edilməmişdi.

Beləliklə, hər iki palatada təşəbbüsün uğursuzluğa düçar olması Konqresin hələlik administrasiyanın İranla bağlı hərbi əməliyyatlarını məhdudlaşdırmaq niyyətində olmadığını göstərir.

Qətnamənin tərəfdarları ABŞ Konstitusiyasına görə müharibə elan etmək səlahiyyətinin Konqresə məxsus olduğunu bildirərək prezidentin hərbi əməliyyatlara başlamazdan əvvəl qanunverici orqanın razılığını almalı olduğunu vurğulayırdılar.

Digər tərəfdən, respublikaçı qanunvericilər və bəzi demokratlar belə məhdudiyyətlərin aktiv münaqişə şəraitində ABŞ ordusunun fəaliyyətini zəiflədə və ölkənin rəqiblərini cəsarətləndirə biləcəyini bildiriblər.

ABŞ qanunvericiliyində 1973-cü ildə qəbul edilmiş “Müharibə Səlahiyyətləri Aktı” (“War Powers Act”) prezidentin ABŞ silahlı qüvvələrini xarici münaqişələrə cəlb etməsini məhdudlaşdırmaq üçün qəbul edilib. Qanuna görə prezident hərbi əməliyyatlara başlayacağı halda Konqresi məlumatlandırmalı və müəyyən müddət ərzində onun təsdiqini almalıdır.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar