Ru
13:22 / 02 Fevral 2020

Könüllülük – sevgi, vətənpərvərlik və xeyirxahlıqdan doğan hərəkat

14309
Heç bir təmənna güdməyən xeyirxah bir əməldən gözəl nə ola bilər ki? İnsanları bir-birinə daha da yaxınlaşdıran, onlarda mərhəmət, sevgi hislərini artıran bu cür əməllər sağlam cəmiyyətin təməlində dayanmaqla könüllülük fəaliyyətinin əsasını təşkil edir.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib. Təqdirəlayiq haldır ki, “2020 Könülülər ili” çərçivəsində geniş Tədbirlər Planı hazırlanıb həyat keçirlilməsi nəzərdə tutulub.

Könüllülük nədir?
Könüllülük fəaliyyəti şəxsi iradə və azad seçim əsasında cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan, əhalinin həssas qruplarından olan insanlara (əlillər, qocalar, kimsəsiz uşaqlar, ehtiyacı olan kəslər və s.) göstərilən fiziki və mənəvi yardım, cəmiyyətdə maarifləndirmə işinin aparılması, vətəndaş fəallığının artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, ətraf mühitin qorunması və s. məqsədlərlə həyata keçirilən layihə və tədbirlərdə göstərilən təmənnasız sosial xidmətdir.
Yüksək dəyarlər naminə başqalarına kömək edib cəmiyyətə fayda vermək, öz bacarıqlarını yeni ortamda istifadə etmək, yeni dostlar taparaq yeni əlaqələr qurmaq, bir şeyi əldə etmək hissini özünə dəyər hissi kimi inkişaf etdirmək bu işin əsas qayəsini təşkil edir.

Gündəlik həyatda hər birimiz könlümüzdən gələn yaxşılıq və hörmət hislərini yaşlılara yolu keçməkdə kömək etməklə, avtobusda yaşca böyüklərə yer verməklə, hər hansı bir şəxsə yaşından asılı olmayaraq yardım etməklə göstəririk. Könüllü olmaq da məhz bu hislərin birlikdə təzahürüdür.Məşhur Roma imperatoru, filosof Mark Avreli deyirdi: “Hər kəsin dəyəri nəyə can atmasındadır”. Bu fəaliyyətin üstünlüyü də elə məhz budur.

Vətənpərvərlik məktəbinin daşıyıcı sütünlarını təşkil edən könülülük öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə bağlılıq və xidmət örnəyidir. Azərbaycan gəncləri üçün milli ideya və dəyərlər naminə birləşmək bu gün həmişə olduğundan daha vacib olmaqla zamanın tələbidir. İnsanları vahid niyyət, sağlam düşüncə, təmənnasız kömək ətrafında birləşdirən könüllülük hərakatı Azəribaycan xalqının əsrlər boyu xeyirxah, fədakar, təşəbbüskar, sağlam, ülvi niyyətili olmasının bariz nümunəsidir.

XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib. BMT Baş Assambleyası 1985-ci ildə dünya dövlətlərinə hər il iqtisadi və inkişaf naminə 5 dekabr tarixinin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunmasını təklif edib. O vaxtdan hər il 5 dekabr tarixi dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

Könüllülük hərəkatının tarixi
Tarixə nəzər salsaq görərik ki, könüllülük fəaliyyəti ilk dəfə XVII əsrdə Fransa ordusunda yaranıb. Daha dəqiq desək, bu anlayış və yaxud hərakat könüllü hərbçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxıb. Belə ki, bu dövrdə Avropada şəxsi istəyi ilə hərbi xidmətə gedənləri “volantaire”, yəni “könüllü” adlandırırdılar.

XIX əsrdə ABŞ-da vətəndaş müharibəsi zamanı isə qadınların könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərməsi minlərlə könüllünü ətrafında birləşdirən Amerika Qırmızı Xaç Təşkilatının yaranmasına səbəb oldu. XX əsrin əvvəllərindən başlayaraq isə könüllülük fəaliyyəti bütün dünyada daha da genişlənərək yeni bir mərhələyə qədəm qoydu.

Könüllülüyün əsasını altruizm fəlsəfəsi təşkil edir
Mövzuya bir az fəlsəfi yanaşsaq, görərik ki, könüllülüyün əsasını altruizm fəlsəfəsi təşkil edir. Altruizm əxlaqi prinsipi əslində insan olmanın əsasını təşkil edən mühüm humanizm, insanlıq fəlsəfəsidir. “Pozitivizm”in banisi sayılan fransız filosofu, sosiologiyanın bir elm kimi formalaşmasında müstəsna xidmətləri olmuş Oqüst Kont tərəfindən irəli sürülən altruizm- başqa adamlara təmənnasız xidmət göstərilməsini, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməyi özündə ehtiva edir. Eqoizmin əksi olan altruizmin mərkəzi motivini və əxlaqi meyarını başqa adamın və ya sosial birliyin maraqları təşkil edir. Əxlaqi prinsip olan altruizm- başqasının rifahı naminə təmənnasız əziyyətə qatlaşmaq anlamına gəlir. Məhz bu aspektdən yanaşdıqda könüllülüyün əslində birbaşa humanizmə xidmət etdiyini görə bilərik.

Kimlər könüllü ola bilər?
Demək olar ki, hər kəs, yəni özünü dərk edən və yaş həddindən asılı olmayaraq aşağıda qeyd olunmuş təməl xüsusiyyətlərə malik olan şəxslər könüllü ola bilərlər:

- Məsuliyyətli olmaq- bu xüsusiyyət olmadığı təqdirdə siz öz öhdənizə düşən işi yerinə yetirə bilməyəcəksiz.

- Gülərüz olmaq- hər kəsə müsbət enerji ötürməklə həm başqalarında məmnunluq yarada, həm də özünüzə rahat və yadda qalan bir könüllülük proqramı bəxş edə bilərsiniz.

- İşə həvəsli olmaq- bu hiss olmadıqda siz öz işinizdən bezə bilərsiniz.

- Ünsiyyətcil olmaq- bu xüsusiyyətlə siz həm yeni dostlar qazana biləcəksiz, həm də komandayla rahat işləyə biləcəksiniz.

Könüllülərin qazancı nədir?
Könüllülər işlədikləri müddətdə heç bir maddi qazanc əldə etmirlər, ancaq mənəvi qazancları olur.
Könüllülük zamanı əldə olunanlar aşağıdakılardır:

- Siz könüllü olduğunuz təqdirdə çoxlu sayda könüllüylə tanış olacaqsınız və mütləq şəkildə bir-birinizə yardım etməklə çalışarkən ən möhkəm dostluqların təməlini qoyacaqsınız.

- Gələcək karyeranızda sizə uğur gətirəcək təcrübəni qazanacaqsınız. Digər dostlarınızla müqayisədə sizin CV-niz, tərcümeyi-halınız daha dolğun və seçilən olacaq.

- Proqramdan asılı olaraq dil biliklərinizi inkişaf etdirə və sənədlərlə işin mahiyətini anlayacaqsınız.

- Siz özünüzdə yeni xüsusiyyətlər kəşf etməklə dünyanın ən xoşbəxt insanı olacaqsınız. Bununla da şəxsi inkişafınıza böyük töhfələr verəcəksiniz. Könüllülük zamanı qazandığınızı başqa heç bir zaman qazanmayacaqsınız.

Azərbaycanda könüllülük hərəkatı yeni mərhələyə qədəm qoyub
Qeyd etdiyimiz kimi, könüllülük hərəkatı bütün dünyada geniş vüsət alıb. Müasir Azərbaycanda isə könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ümummilli liderin adı ilə bağlıdır. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi.

Beləliklə, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verildi.
Gənclər Forumunun keçirilməsi, “Gənclər günü”nün təsis edilməsi 1995-1996-cı illərin ictimai-siyasi gərginliyində ruhdan düşən gənclər üçün bir işıq oldu. Təhsilini yarımçıq qoyaraq az məvacibli iş yerlərini tərk edərək ölkədən kənara üz tutan gənclərdə ruh yüksəkliyi yarandı. Bu proqram əsas götürülərək 1998-2000-ci illərdən başlayaraq ölkədə könüllülük prinsiplərinin geniş təbliğinə başlanıldı.
Gənclərin mənəvi-fiziki inkişafı ilə bağlı indiyə qədər bir sıra sənədlər qəbul edilib. Belə ki, 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramı çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı.

Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin “Gənclər ili” elan edilməsində də göstərdi. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 2009-cu ilin iyun ayında “Könüllü fəaliyyət haqqında” qanunu imzaladı və bununla da könüllü – öz istəyi əsasında əvəzi ödənilməyən ictimai-faydalı fəaliyyətlə məşğul olmaq istəyən gəncləri özundə cəmləşdirən, dövlət büdcəsindən maliyyələşən cəmiyyət və təşkilatlar yaradıldı.

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı. Bu hərəkat minlərlə gəncin ilkin iş təcrübəsi toplamasına, öz peşəsinin incəliklərini öyrənməsinə, ən əsası isə özünü tanımağa geniş imkan verdi. Hazırda bir çox dövlət qurumlarında könüllülər təşkilatları yaradılmaqdadır.

Ölkəmizdə könüllülük fəaliyyətinin təbliği məqsədi ilə dövlətimiz tərəfindən bütün zəruri addımlar atılıb, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Əksər hallarda könüllük fəaliyyəti hər bir şəxsin uğurlu fəaliyyətinin başlanğıcı, həyatında səmərəli dönüş nöqtəsi olur.

Könüllü gənclər kreativ təşəbbüskarlıqları, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları, AFFA-nın könüllülük proqramı kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.
Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və peşəkar səviyyədə təşkil edildi.

Son illərdə ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri, “Dost” könüllüləri və digər könüllü hərəkatları yaranaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gəncin birləşdiyi könüllü qrupları ölkəmizin inkişafı üçün öz töhfələrini verirlər.

Ölkə başçısının müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədlərini də özündə ehtiva edir.

Aydın Tağıyev

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər