Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyindən (MDB) olan həmkarlarını dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək ənənəvi Yeni il öncəsi qeyri-rəsmi sammitə dəvət edib.
"Bakupost" xəbər verir ki, Rusiya lideri qeyri-rəsmi sammitdə bir sıra məsələlərin müzakirəsi üçün imkanın yaranacağını deyib.
“Əlbəttə, yaxşı ənənəyə sadiq qalaraq, əziz dostlar, hamınızı dekabrın 21-də ənənəvi qeyri-rəsmi, dostluq görüşü üçün toplaşdığımız Sankt-Peterburqa dəvət etmək istəyirəm”, – Putin MDB liderlərinin Türkmənistanda keçirilən qapalı görüşündə bildirib.
Qeyd edək ki, ənənəvi olaraq hər ilin sonunda təşkil olunan bu qeyri rəsmi sammit nədənsə hər dəfə ancaq bir ölkədə-Rusiyada keçirilir. İlk belə qeyri-formal görüş 2001-ci ildə Rusiyanın Soçi şəhərində keçirilib. O zamandan bəri keçən 25 il ərzində sözügedən görüşlər Moskva, Sankt-Peterburq və digər şəhərlər olmaqla ancaq və ancaq Rusiyada baş tutub. Halbuki MDB-yə daxil olan daha 8 dövlət var.
Rusiya niyə MDB liderlərinin qeyri-rəsmi görüşünün keçirilmə məkanını öz inhisarına alıb?
Siyasi şərhçi Məhəmməd Əsədullazadə
“Bakupost”a bildirib ki, sözügedən tədbirin yalnız Rusiya ərazisində keçirilməsinə nail olmaqla Moskva MDB məkanında söz sahibi, hakimi-mütləq olduğunu nümayiş etdirmək istəyir:
“MDB daxilində ziddiyyətlər var ki, o da Rusiyadan qaynaqlanır. Xüsusən də Rusiyanın MDB-yə üzv digər ölkələrə münasibətdə qeyri-konstruktiv mövqeyi, həmin ölkələrdən olan miqrantlara təzyiqləri qurumun inkişafına deyil, əksinə onun zəifləməsi və parçalanmasına gətirib çıxartdı. MDB liderlərinin adətən ilin sonuna təyin edilən qeyri-rəsmi zirvə toplantılarını yalnız Rusiyada keçirməklə Kreml hələ də öz siyasi ambissiyalarından geri çəkilmədiyini, üzv ölkələri dirijor çubuğu ilə idarə etməyə üstünlük verdiyini və burada məhz Moskvanın həlledici söz sahibi olduğunu göstərməyə çalışır”.
Müsahibimizin fikrincə, Kreml tərəfindən məhz belə bir yanaşmanın nəticəsidir ki, MDB-nin mövqeyi ildən-ilə zəifləyir:
“Bu yanaşmanın nəticəsidir ki, MDB inkişaf etmir, əksinə, yaranan ilk dövrlərdə 12 üzvü var idisə, indi cəmi 9-u qalıb”.
Ekspertin sözlərinə görə, Rusiya üzv ölkələrlə əməkdaşlığı qarşılıqlı etimad müstəvisində qursaydı, MDB daha cəlbedici təşkilata çevrilə bilərdi:
“Rusiya yenə də özünün siyasi ambissiyalarını həyata keçirməklə məşğuldur. Onun nəticəsidir ki, MDB çərçivəsində bu sayaq keçirilən qeyri-formal görüşlər heç nəyi dəyişə bilmir, hətta Rusiyanın özü bundan heç nə qazanmır. Moskva bu barədə düşünməlidir. MDB liderlərinin qeyri-formal tədbirləri digər üzv ölkələrdə də keçirilməli, bu sahədə Moskvanın monopoliyasına son qoyulmalıdır”.
Rüfət Sultan,
BakuPost