Ru
15:36 / 02 İyun 2026

Moskva İrəvanı diz çökdürə biləcəkmi? - Aİİ ölkələri də işə düşür

Moskva İrəvanı diz çökdürə biləcəkmi? - Aİİ ölkələri də işə düşür
Eye

Moskvanın səyləri nəticəsində Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan dövlətlər də Avropa Birliyinə (AB) yaxınlaşmaq yolunu tutan Ermənistana qarşı təzyiqlərə başlayırlar.

Belə ki, Aİİ ölkələri liderlərinin bu günlərdə Astanada qəbul etdikləri dördtərəfli bəyanatına əsasən, Ermənistanın ittifaqa üzvlüyü ilə bağlı bütün detallar dekabr ayına qədər işlənib hazırlanacaq.

Bakupost.az xəbər verir ki, bu barədə məlumat verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkələrin müvafiq qurumlarının liderlərə məsələ ilə bağlı hesabat verməli olacaqlarını da diqqətə çatdırıb.

Siyasi şərhçi Xəqani Cəfərli Bakupost.az-a bldirib ki, digər addımlar kimi bu addım da Qərbə yaxınlaşmaq kursu götürən Paşinyan hökumətinə təzyiq vasitəsidir:

“Moskvanın Ermənistana birbaşa hərbi təzyiq elementi yoxdur. Ona görə də indi siyasi-diplomatik və iqtisadi təzyiq rıçaqlarını işə salır. Bu isə bir tərəfdən, Ermənistanın Rusiyadan iqtisadi asılılığı ilə bağlıdır. Postsovet respublikaları içərisində iqtisadi baxımdan Rusiyadan daha çox asılı olan ölkə Ermənistandır. Belə vəziyyət isə, Moskvaya İrəvana qarşı daha geniş təzyiqlər etmək imkanı yaradır. Rusiya anlayır ki, Ermənistanı itirsə, bütövlükdə Cənubi Qafqaz tamamilə nəzarətindən çıxacaq. Ermənistan postsovet məkanında ən zəif bənddir”.

Ekspertin sözlərinə görə, gedişat göstərir ki, Moskva Ermənistana təzyiq etmək üçün Aİİ-nin digər üzvlərini də həmin prosesdə iştirakçı olmağa məcbur etmək istəyir.

Bu da həmsöhbətimizin fikrincə, Rusiyanın təkbaşına həmin işin öhdəsindən gələ bilməməsilə bağlıdır:

“Ermənistan buğdanı əsasən Qazaxıstandan alır. Ona görə də Moskva çalışır ki, İrəvanı ram etmək üçün digər təzyiq elementlərini, təkcə özü deyil, bütövlükdə Aİİ-ni də işə salsın”.

Müsahibimiz Belarusun bu məsələdə Putinə müsbət cavab verəcəyinə əmindir:

“Minsk də buna gedəcək. Lakin Belarusla Ermənistan arasında elə də ciddi iqtisadi münasibətlər yoxdur. Amma Astananın Ermənistana qarşı təzyiq yolunu tutacağına inanmıram”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar