Rusiyanın paytaxtı Moskvada iri biznes mərkəzlərindən biri olan “Varşavskaya Plaza”da güclü yanğın baş verib.
Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki. hadisə şəhərin cənubundakı “Varşavskoye” şossesi üzərində yerləşən çoxmərtəbəli binada qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın binanın dördüncü mərtəbəsində başlayıb və qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə yerinə onlarla yanğınsöndürən briqada və xüsusi texnika cəlb olunub. Binadan sıx tüstü qalxıb, yanğın ətraf ərazilərdən də aydın görünüb.
Yanğın zamanı biznes mərkəzində olan şəxslər təcili təxliyə edilib. İlkin məlumatlara görə, təxminən 60 nəfər təhlükəsiz əraziyə çıxarılıb. Xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb, lakin fövqəladə xidmətlər hadisə yerində gücləndirilmiş rejimdə çalışıb.
FHN yanğının lokallaşdırıldığını, lakin tam söndürmə və təhlükəsizlik tədbirlərinin davam etdiyini bildirib. Yanğının səbəbi hələlik rəsmi şəkildə açıqlanmayıb. İlkin ehtimallar arasında elektrik xətlərində nasazlıq versiyası da nəzərdən keçirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Cavid, BakuPost