Dünyanın bir sıra ölkələrində müəllim və həkimlər dövlət qulluqçusu statusuna malikdirlər. Bu yanaşma həmin peşə sahiblərinə əməkhaqqı, sosial təminat, pensiya və karyera inkişafı baxımından əlavə təminatlar yaradır. Azərbaycanda da zaman-zaman bu modelin tətbiqi ilə bağlı müzakirələr aparılır. Mütəxəssislər hesab edirlər ki, belə bir qərar təhsil və səhiyyə sistemində həm idarəetmə mexanizmlərinə, həm də xidmət keyfiyyətinə təsir göstərə bilər. Bununla yanaşı, dövlət büdcəsinə əlavə yük, işə qəbul qaydaları və fəaliyyətin qiymətləndirilməsi kimi məsələlər də diqqət mərkəzindədir.
"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Müşfiq Cəfərov isə müəllim və həkimlərin cəmiyyətin intellektual təhlükəsizlik sisteminin əsas dayaqları olduğunu bildirib.
Deputatın sözlərinə görə, Azərbaycanda müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı hazırlıq işləri hələ 2010-cu illərdə aparılıb. Deputatın sözlərinə görə, Azərbaycanda müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı hazırlıq işləri hələ 2010-cu illərdə aparılıb. Həmin dövrdə bu peşə sahiblərinin dövlət qulluğunun xüsusi növünə aid edilməsi nəzərdə tutulsa da, məsələnin mürəkkəbliyi səbəbindən sistem tam formalaşdırılmayıb:
"Müəllim və həkimlərin dövlət qulluqçusu hesab olunması və ya bu kateqoriyaya daxil edilməsi kifayət qədər mürəkkəb məsələ olduğundan sistem tam qurula bilmədi".
Deputat qeyd edib ki, dövlət qulluqçusu statusu müəllimlərə sabit əməkhaqqı, sosial təminat, staja görə artımlar, dövlət təminatlı sosial sığorta və hüquqi müdafiə mexanizmləri təqdim edir.
“Hazırda tətbiq olunan müəllimlərin işə qəbulu sistemi müəyyən üstünlüklərə malikdir. Lakin bu mexanizm müəllimin fəaliyyətini dövlət xidməti standartları əsasında qiymətləndirmir”, – deputat vurğulayıb.
O bildirib ki, dünya təcrübəsində bu sahədə uğurlu nümunələr mövcuddur:
“Finlandiyada müəllimlər dövlət tərəfindən seçilən yüksək ixtisaslı kadrlardır və dövlət qulluqçusu ilə eyni statusda sosial təminat imkanlarına malikdirlər. Hətta iş saatı 18–24 dərs saatı olsa da, maaş sabitdir. Hesab edirəm ki, Azərbaycanda hansısa peşə qrupuna dövlət qulluqçusuna yaxın status veriləcəksə, ilk növbədə müəllimlər və həkimlərə şamil edilməlidir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə bildirib ki, inkişaf etmiş ölkələrdə dövlət qulluqçusu anlayışına fərqli yanaşmalar mövcuddur.
Onun sözlərinə görə, bəzi ölkələrdə sosial təminat və pensiya sistemi ayrıca mexanizmlərlə tənzimlənir, müəyyən peşə qrupları üçün əlavə güzəştlər tətbiq olunur. Bu imtiyazlar bəzi hallarda daha erkən pensiyaya çıxmağa da imkan yaradır. Deputat qeyd edib ki, postsovet məkanında dövlət qulluqçusu statusu daha çox idarəetmə və hökumət strukturlarında çalışan şəxslərə şamil edilir.
V.Bayramov əlavə edib ki, hazırda Azərbaycanda təhsil və səhiyyə sahələrində aparılan islahatların əsas istiqamətlərindən biri əməkhaqlarının fəaliyyət nəticələrinə uyğun formalaşdırılmasıdır.
“Sertifikasiya nəticələrinin qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsini təklif edirik. Məqsəd yüksək nəticə göstərən müəllimlərin daha yüksək əməkhaqqı almasını təmin etməkdir. Bu baxımdan sertifikasiyada yüksək bal toplayan müəllimlər üçün əməkhaqqı artımlarının genişləndirilməsi məqsədəuyğun hesab olunur. Mövcud qaydalara əsasən 51 bal və daha çox nəticə göstərən müəllimlərin əməkhaqlarında daha yüksək artımlar qeydə alınır, biz təklif edirik ki, 48 bal və daha yüksək nəticə göstərən müəllimlər üçün də yüksək əməkhaqqı tətbiq olunsun.”, – deputat bildirib.
Onun sözlərinə görə, nəticəyönümlü yanaşma müəllimlərin peşəkar inkişafını stimullaşdırmaqla yanaşı, onların sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edə bilər.
V.Bayramov hesab edir ki, bu mexanizmin növbəti illərdə daha da təkmilləşdirilməsi məqsədəuyğundur.