Yaxın Şərqdə enerji obyektlərinə edilən hücumlar fonunda dünya bazarında neft qiymətləri kəskin artıb. Xüsusilə Cənubi Pars qaz yatağı ətrafında baş verən hadisələrdən sonra bazarlarda narahatlıq güclənib.
Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, qara qızılın qiyməti 110 dollarlıq psixoloji həddi aşıb. “Brent” markalı neft 3 faizdən çox bahalaşarq 111 dolları keçib, ABŞ-nin WTI markalı xam nefti isə 98-ə yüksəlib.
Yaxın Şərq bölgəsində bir sıra mühüm enerji obyektlərinin zərər gördüyü bildirilir. Ras Laffan sənaye şəhərində yerləşən əsas LNG mərkəzinə hücum ciddi dağıntılara səbəb olub. BƏƏ-də isə Habshan qaz emalı kompleksi və Bab neft yatağı ərazilərində raket qalıqlarının düşməsi nəticəsində bəzi enerji əməliyyatları dayandırılıb.
Səudiyyə Ərəbistanında da vəziyyət gərgin olaraq qalır – paytaxt Riyad istiqamətində atılan raketlər və qaz obyektinə yönələn pilotsuz aparat hücumlarının qarşısının alındığı açıqlanıb.
Ekspertlər bildirir ki, xüsusilə Hörmüz boğazı ətrafında risklərin artması qlobal enerji bazarlarında qeyri-sabitliyi daha da dərinləşdirə bilər.
Cavid, BakuPost