Azərbaycanda toy mövsümünün başlaması ilə restoran və şadlıq evlərində qiymətlərin yenidən artması diqqət çəkir. Ərzaq məhsullarının bahalaşması qiymətlərə təsir etsə də, restoran xidmətlərindəki artımın daha yüksək olması suallar yaradır.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli
“Bakupost”a bildirib ki, restoranlarda toy mövsümü ilə əlaqədar qiymət artımının əsas səbəblərindən biri mövsümi tələbin yüksəlməsidir.
“Restoranlarda toy mövsümü başlayanda qiymətlərin artmasının əsas səbəbi təkcə ərzaq məhsullarının bahalaşması deyil. Burada mövsümi tələbin kəskin artması mühüm rol oynayır. Yazın sonu, yay və payız aylarında toyların sayı artır, restoranlara müraciət çoxalır və məhdud sayda restoran daha çox müştəri uğrunda deyil, daha çox gəlir əldə etmək imkanına görə qiymətləri yüksəldir. Yəni qiyməti müəyyən edən yalnız xərc deyil, həm də bazardakı tələbdir”.
Ekspert qeyd edib ki, restoranların xərcləri yalnız ərzaq məhsullarından ibarət deyil. Əməkhaqqı, icarə, elektrik enerjisi, qaz, su, logistika, qab-qacaq, təmizlik, texniki xidmət, musiqi və digər xərclər də qiymətlərin formalaşmasına təsir göstərir.
“Toy menyularında isə qiymət artımının başqa xüsusiyyəti var. Müştəri yalnız yemək almır, bütöv bir xidmət paketi alır. Zalın istifadəsi, ofisiant xidməti, masa tərtibatı, musiqi, kondisioner, işıqlandırma, təmizlik və digər xidmətlər də qiymətə daxil edilir. Buna görə menyunun qiyməti ilə ərzağın mağazadakı qiymətini birbaşa müqayisə etmək düzgün deyil”.
Akif Nəsirli bildirib ki, restoranlarda qiymətlərin artmasına bazardakı rəqabətin səviyyəsi və restoran sahiblərinin mənfəət gözləntiləri də təsir edə bilər.
“Restoran sahibi əvvəlki illərdə toy mövsümündə tələbin yüksək olduğunu görürsə, xərclərdəki real artımdan əlavə müəyyən mənfəət marjasını da qiymətə daxil edə bilər. Rəqabətin zəif olduğu və eyni səviyyəli restoranların qiymətləri bir-birinə yaxınlaşdırdığı bazarda bu proses daha asan baş verir”.
Ekspertin sözlərinə görə, toy sektorunda psixoloji amil də qiymətlərin yüksəlməsinə təsir göstərir.
“İnsanlar toy kimi xüsusi tədbirdə adətən yalnız ən ucuz variantı seçmirlər. Zalın səviyyəsi, menyunun zənginliyi, xidmət və restoranın nüfuzu ön plana çıxır. Bu isə restoranlara müəyyən qiymət üstünlüyü yaradır. Tələb yüksək olduqda restoran həmin üstünlükdən istifadə edərək qiyməti ərzaq xərclərinin artımından daha çox yüksəldə bilir”.
Akif Nəsirli vurğulayıb ki, ərzağın maya dəyərinin, məsələn, 10 faiz artması toy menyusunun qiymətinin də mütləq 10 faiz artırılması demək deyil.
“Restoran qiyməti ümumi xərclər, əməkhaqqı, icarə, xidmət xərcləri, mövsümi tələb, rəqabət və mənfəət marjasının birlikdə təsiri ilə formalaşır. Əsas problem isə rəqabətin zəif olduğu hallarda xərclərin artmasının qiymət artımı üçün əsas kimi istifadə edilməsi və bunun üzərinə əlavə mənfəət marjasının qoyulmasıdır”.
Ekspert hesab edir ki, restoranların qiymət artımı məhsul və digər xərclərin real artımını əhəmiyyətli dərəcədə üstələyirsə, burada yalnız inflyasiyadan danışmaq olmaz. Onun sözlərinə görə, bu halda yüksək tələbdən istifadə etməklə mənfəət marjasının genişləndirilməsi və bazar gücündən yararlanılması da mümkündür.
Vüsalə Hüseynova,
BakuPost