Ru
17:47 / 14 Oktyabr 2019

“Onsuz da geriyə qayıtmayacaq...” – Məmməd Araz 86

4554
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi Məmməd Arazın anadan olmasından 86 il ötür.


BakuPost xəbər verir ki, böyük sənətkarın təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarıb, Azərbaycan fəlsəfi və siyasi lirikası onun dühası hesabına daha da zənginləşib. Məmməd Araz böyük poetik ilhama malik olan sənətkardır. Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib.
Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub.

Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur. 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının “İstiqlal” ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur (1993-cü ildən). O, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın Xalq şairidir (1991).

Görkəmli şair 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

SƏNİ AXTARIRAM

Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?

Qoynunda dəfinə tapdığın zaman
Ucaltdı dağ boyda hansı dağ səni?
Nərgiz rəng aldımı yanaqlarından
Öpəndə nərgizli bir yaylaq səni?

Görəsən, bu soraq düşdümü elə:
“Yamanca şöhrətli mühəndisdir o!”
Eşqin hansı qəlbi gətirdi dilə?
Kim dedi ilqara, əhdə düzdür o?

Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?

Səni axtarıram o gündən bəri,
Axı açmamışdım sənə könlümü.
Yaz gəldi, açıldı bahar gülləri,
Mənsə açmamışam yenə könlümü.

Bəzən tüfəng alıb çıxsam da düzə,
Ceyran oylağından aralı gəzdim.
Ovçu ov axtarar, ovçu ov gəzər,
Mən məni ovlayan maralı gəzdim.

Bəzən ac qayıtdım evə də, amma
Bir tikə çörəyi yeyə bilmədim.
Bütün sirlərimi bilən anama,
Məhəbbət sirrimi deyə bilmədim...

Bəli, axtarıram səni o gündən,
Könlüm istəyəni görə bilmirəm.
Qəlbimi özünlə aparmısan sən,
Mən onu heç kəsə verə bilmirəm...

1956.


QARANQUŞ

Əsdi vədə yeli...yaz müjdəsilə
Qondun eyvanıma yenə, qaranquş!
Mən sənin eşqinlə gəlirkən dilə,
Uçmağın dərd oldu mənə, qaranquş!

Bir zaman yuvanı uçurmuşam mən,
Bəlkə də, bəlkə də o yadındadır.
Dilin yox, dərd açıb söz söyləyəsən,
Dilin də, sözün də qanadındadır.

Bəzən əlində şiş, çiynində yaba
Uşaqlar yanıma yığıldı, ay quş!
On günə, bir aya tikdiyin yuva
Bircə an içində dağıldı, ay quş!

Yelləmi, selləmi keçdi ötən gün?
O, bəlkə ötəri şimşək səsiydi.
Sənin öz yuvandan ayrı düşməyin
Mənimçün bir uşaq əyləncəsiydi.

Bəlkə bu halımdan incidi dağ-daş
Bunu öz vaxtında duya biləydim.
Bir günlük uşaqlıq günahmı, kaş
Bütün ömrüm boyu yuya biləydim.

Bilmədim o günün ani nəşəsi
Mənə dərd olacaq ömrüm uzunu.
Bəlkə ev qayğısı, övlad nəfəsi
Olmasa indi də duymazdım bunu.

Eh, xəyal nələri gətirir yada...
Yeni müjdən ola mənə, qaranquş!
Körpəlik gülüşüm qanadlarında
Bircə gün geriyə dönə, qaranquş!

Vaxt olur cansızdan can umur insan-
Adi təsəllidir, bunlar da ancaq.
Uçan körpəliyim, uçulan yuvan
Onsuz da geriyə qayıtmayacaq.

Gəl yenə yuva qur doğma yerində,
Könlüm həsrətinlə dindi, qaranquş!
Ta uçma, çəkinmə məni görəndə,
Mən uşaq deyiləm indi, qaranquş!

1957.


AĞARMA, SAÇIM, AĞARMA!

Nə erkən sənə dən düşdü,
Niyə düşdü, nədən düşdü?
Beynimmi qüvvədən düşdü?
Ağarma, saçım, ağarma!

Arzu sonsuz, ömür yarı...
Artdı alnın qırışları,
Səndə insaf olsun barı
Ağarma, saçım, ağarma!

Məni qəmgin görsə əgər
Düşmən gülər, dost qəm yeyər,
Qızlar baxıb “dayı” deyər,
Ağarma, saçım, ağarma!

Daşdır qəlbin, daşdır canın,
Yoxdur, duyğun, yoxdur qanın.
Hələ gəncəm, sən vicdanın
Ağarma, saçım, ağarma!

Ömür keçir, yaman keçir,
Qəlbimdən qara qan keçir.
Daha gözəllər yan keçir,
Ağarma, saçım, ağarma!

Hələ səsim ucalmayıb,
El gücündən güc almayıb.
Hələ ürək qocalmayıb
Ağarma, saçım, ağarma!

İlham adlı şahpərim var,
Yol üstəyəm, səfərim var...
Yazılmamış əsərim var...
Ağarma, saçım, ağarma...

1957.

BAKUPOST
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər