“Armlur” nəşrinin məlumatına görə, Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın son dövrlərdəki fəaliyyəti həm baş nazir Nikol Paşinyan, həm də hakim Vətəndaş Müqaviləsi partiyasının bir sıra üzvləri arasında ciddi narazılıq yaradıb.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, partiyanın idarə heyətinin iclaslarında Alen Simonyanın həmkarlarına qarşı sərt davranması, bəzən isə açıq təzyiq göstərərək seçki siyahılarının hazırlanması zamanı ayrı-ayrı namizədlərin siyahıdan çıxarılmasına cəhd etməsi partiya daxilində gərginliyə səbəb olub.
Mənbənin yazdığına görə, bu davranışlardan narazı qalan partiya üzvləri baş verənlərlə bağlı birbaşa Paşinyana məlumat veriblər. Nəticədə, hakim partiyanın növbəti seçkilərdən sonra da iqtidarda qalacağı təqdirdə, Alen Simonyanın spiker vəzifəsindən uzaqlaşdırılması məsələsi gündəmə gətirilib.
“Armlur” qeyd edir ki, mümkün kadr dəyişikliyi fonunda Milli Assambleyanın yeni sədri postuna əsas namizəd kimi Ermənistanın ABŞ-dakı sabiq səfiri Lilit Makuntsun adı ön plana çıxır. Bu ehtimal reallaşacağı halda, parlament rəhbərliyində ciddi dəyişikliklər baş verə bilər.