Erməni Apostol Kilsəsinin arxiyepiskopu Vazgen Qalstanyan (Baqrat Srbazan) Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.
"Bakupost" xəbər verir ki, iddiada Baqrat Srbazan Paşinyanın onun barəsində səsləndirdiyi, səs satınalması ilə bağlı iddiaların böhtan xarakteri daşıdığını bildirərək, həmin açıqlamaların rəsmi qaydada təkzib edilməsini tələb edir.
O, məhkəmədən Baş nazirin qərarın qüvvəyə minməsindən sonra beş iş günü ərzində şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmayan ifadələri açıq şəkildə geri götürməsi barədə qərar qəbul etməsini istəyib.
İddiaya əsasən, təkzib Ermənistan hökumətinin rəsmi internet saytında, Baş nazirin rəsmi saytında, eləcə də ən azı 5 min tirajla nəşr olunan mətbu orqanda dərc edilməlidir.
Bundan əlavə, Baqrat Srbazan Paşinyandan simvolik məbləğ olaraq 49,7 dram təzminat tələb edib.
Hazırda iddianın məhkəmə tərəfindən icraata qəbul edilib-edilmədiyi barədə rəsmi məlumat açıqlanmayıb.