Ermənistanın yeganə hökumət təyyarəsi olan "Airbus A319 ACJ" mayın 6-da texniki xidmət üçün İrəvandan Sofiyaya uçduqdan beş ay sonra, oktyabrın 9-dan 10-na keçən gecə ölkəyə qayıdıb.
"Bakupost" Ermənistan KİV-ə istinadən xəbər verir ki, 1998-ci ildə istehsal olunan "Airbus A319" modelinin biznes versiyası olan bu hava gəmisi 2007-ci ildən Ermənistanda istismar olunur və dövlət mülkiyyətindədir.
Təyyarələrin profilaktik baxış üçün müvəqqəti olaraq istismardan çıxarılması aviasiyada standart təcrübə sayılsa da, dövlət təyyarəsinin bu qədər uzun müddət ölkədən kənarda qalması nadir hallarda baş verir.
Müqayisə üçün qeyd edək ki, dövlət təyyarəsi 2020, 2022 və 2025-ci illərdə Çexiyanın Praqa və Ostrava şəhərlərində qısamüddətli texniki baxışdan keçirilib və rənglənib. Ermənistanda lazımi texniki imkanlar olmadığından, bu dəfə işlər Bolqarıstanda həyata keçirilib.
Dövlət təyyarəsinin olmadığı müddətdə baş nazir Nikol Paşinyan və digər yüksəkvəzifəli rəsmilər özəl aviaşirkətlərin xidmətlərindən istifadə etməli olublar. Xüsusilə, Paşinyanın səfərləri üçün "FlyOne Armenia" şirkətindən təyyarələr və ya biznes-jetlər icarəyə götürülüb, yaxud adi sərnişin reyslərində yerlər bron edilib.