Ru
15:26 / 19 Dekabr 2025

“Pinoçeti dəstəkləyirəm” – Putinin 32 il əvvəlki videosu yayıldı – VİDEO

“Pinoçeti dəstəkləyirəm” – Putinin 32 il əvvəlki videosu yayıldı – VİDEO
Eye

“Əgər məsələ bu cür qoyulursa, mən Rusiyada Pinoçet diktaturasını dəstəkləyirəm.” 1993-cü il oktyabrın 7-də o vaxt Sankt-Peterburq meriyasının Xarici Əlaqələr Komitəsinin sədri olan Vladimir Putin alman iş adamları ilə görüşdə Pinoçetin qurduğu rejimlə bağlı suala cavab verərkən Çilidə qurulan hərbi diktatura modelini Rusiya üçün arzuolunan adlandırır.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın bir televiziya kanalı tərəfindən çəkilmiş həmin reportaj üzə çıxıb. Görüntülərdə Sankt-Peterburq meriyasının Xarici Əlaqələr Komitəsinin o zamankı sədri Vladimir Putin alman iş adamları ilə görüş zamanı Çilidəki hərbi diktaturaya münasibətini açıqlayır.

Rusiya prezidenti Vladimir Putin hələ 1993-cü ildə Çilidə general Auqusto Pinoçetin qurduğu hərbi diktatura modelini Rusiya üçün “arzuolunan həll” kimi dəyərləndirib. Bu barədə Almaniyanın “WDR” telekanalının arxiv materiallarına və “Neues Deutschland” qəzetinin məlumatına istinadla yazılıb.

Sözügedən açıqlama Rusiyada ən ağır siyasi böhranlardan birinin fonunda səsləndirilib. 1993-cü ilin payızında prezident Boris Yeltsin parlamenti – Ali Soveti buraxmaq barədə fərman imzalayıb. Parlament bu qərarı konstitusiyaya zidd elan edib və tərəflər arasında kəskin qarşıdurma yaranıb. Münaqişə silahlı toqquşmaya çevrilib və 3-4 oktyabrda Ali Sovetin yerləşdiyi bina tanklardan atəşə tutulub. Hadisələr nəticəsində rəsmi məlumatlara görə yüzlərlə insan həlak olub və yaralanıb.

“Neues Deutschland” yazır ki, Putin həmin görüşdə siyasi zorakılığı “zəruri” və “cinayət xarakterli” olmaqla iki yerə ayırıb. O, iqtisadi islahatların və özəl investisiyaların qorunması naminə tətbiq edilən zorakılığı “zəruri” sayıb. Nəşrin iddiasına görə, Putin Yeltsin və hərbçilərin mümkün avtoritar idarəçilik planlarına da anlayışla yanaşıb.

Putin sonrakı illərdə, artıq Kremlə rəhbərlik etdiyi dövrdə Pinoçetlə bağlı açıq açıqlamalar verməyib. Onun mövqeyinin dəyişib-dəyişmədiyi ilə bağlı Kremlin mətbuat katibi Dmitri Peskova ünvanlanan sorğular isə cavabsız qalıb.

Qeyd edək ki, bu mövzu Çilidə radikal millətçi Xose Antonio Kastın prezident seçilməsindən sonra yenidən gündəmə gəlib. Kast Pinoçetin irsinə simpatiyasını gizlətmir və bu fakt Putinin 1990-cı illərdə səsləndirdiyi fikirlərə diqqəti yenidən artırıb.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar