Dövlət Statistika Komitəsinin sədri təyin edilən Azər Mursaqulov kollektivə təqdim edib.
Bakupost.az xəbər verir ki, təqdimatı Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov edib.
Təqdimat zamanı çıxış edən Xalid Əhədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan genişmiqyaslı islahatların bütün sahələri əhatə etdiyini, statistika sahəsinin isə xüsusi əhəmiyyət daşıdığını bildirib.
Dövlət Statistika Komitəsinin fəaliyyətinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayan Xalid Əhədov, dünyada baş verən proseslərin, rəqəmsallaşmanın ölkənin sosial-iqtisadi və digər sahələrinə təsiri fonunda dövlət qurumlarının, eyni zamanda Komitənin də qarşısında duran yeni vəzifələrdən bəhs edib. Xalid Əhədov bu vəzifələrin uğurla icra olunacağına əminliyini ifadə edib və yeni təyin olunmuş sədrə, eləcə də kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.