Putin Rusiyanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məmurların hərəkətlərinə hüquqi qiymət verəcəyini və ölkəsinin bu faciəli hadisə ilə əlaqədar zərərçəkənlərə kompensasiya ödəcəyini vurğuladı. Bu isə Azərbaycanın mülki təyyarəsinin vurulmasına və insanlarımızın həlak olmasına görə Rusiyanın məsuliyyət daşıdığının etirafıdır.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İlham Əliyev və Vladimir Putin arasında Düşənbədə keçirilən görüşlə bağlı qeyd edib.
O bildirib ki, Putin hadisədən 10 ay sonra söylədiklərini faciənin ilk günlərində desəydi, münasibətlər gərginləşməzdi:
“Münasibətlərin normallaşması Putinin təyyarənin vurulmasına görə rusiyalı məmurların hüquqi qiymət verəcəyi və kompensasiyaların ödəniləcəyi vədinin necə yerinə yetiriləcəyindən asılı olacaq. Ümid edək ki, Putin məmurlarına Rusiyada azərbaycanlıların incidilməsi, bəzi hallarda zorakılığa məruz qalması hallarına son qoyulmasını da tapşıracaq. Bütün hallarda münasibətlərdəki gərginlik hər iki ölkənin maraqlarına cavab vermir”.