Xəbər verdiyimiz kimi, İlham Əliyev tərəfindən Əmək Məcəlləsinə edilmiş dəyişikliklər təsdiqlənib. Dəyişikliyə əsasən, Azərbaycanda minimum əmək haqqının məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur.
Qanuna görə, minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təklifləri əsasında, yenə həmin icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən nəzərdən keçiriləcək.
Bəs minimum əmək haqqına hər il yenidən baxılması praktikada nə deməkdir?
Mövzu ilə bağlı
Bakupost.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirdi ki, qanunvericiliyə edilən dəyişikliyin əsas səbəbi son illərdə beynəlxalq təşkilatlar və komissiyalar tərəfindən ölkələrin əmək bazarlarının çevikliyi, sosial müdafiə mexanizmlərinin adekvatlığı və institusional siyasət əsaslarının indikatorlar üzrə ölçülməsidir:
“Məhz bu səbəbdən Azərbaycan üzrə olan reytinq göstəricilərinin də bu istiqamətdə yüksəldilməsi, yəni müvafiq siyasətin daha çevik və dövri qiymətləndirmə modelinə keçirilməsi zərurəti yaranmışdı. Buna görə dəyişiklik edildi. Dəyişiklikdən sonra artıq nə baş verəcək?
Nəzərinizə çatdırım ki, burada hər il minimum əmək haqqının qaldırılması deyil, ona baxılması nəzərdə tutulur. Bu o deməkdir ki, müvafiq göstəricilər nəzərdən keçirilərək analiz ediləcək və bu analizlərin nəticəsi olaraq təkliflər hazırlanacaq, daha sonra isə həmin təkliflərə baxılacaq. Yəni birinci mərhələdə mövcud vəziyyət qiymətləndiriləcək, ikinci mərhələdə nəticələr əsasında təkliflər hazırlanacaq, üçüncü mərhələdə isə təkliflərə baxılacaq. Bundan sonra maaşların qaldırılması və ya qaldırılmaması ilə bağlı qərar qəbul ediləcək”.
İqtisadçının fikrincə, qanunvericilikdə edilən bu dəyişiklik ildə bir dəfə minimum əmək haqqının ən azı mövcud inflyasiya səviyyəsinə uyğun şəkildə artırılması ilə nəticələnəcək:
“Minimum əmək haqqı artırıldığı halda, 19 dərəcədən ibarət vahid tarif cədvəlində hər bir dərəcə üzrə yenilənmə olacaq. Bu isə geniş əhali kütləsini əhatə edəcək”.
Lalə, BakuPost