Rusiyanın Ulyanovsk vilayətində ailə başçısı həyat yoldaşı və iki övladını qətlə yetirməkdə şübhəli bilinir.
Bakupost.az xəbər verir ki, URA.RU -nun jurnalistlərinin hadisə yerindən verdiyi məlumata görə, hazırda şübhəli xəstəxanaya yerləşdirilib.
“İlmır M. övladlarını və həyat yoldaşı Yelizavetanı vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinir”, – jurnalist bildirib.
Məlumata görə, hadisədən sonra İlmır M. intihar etməyə cəhd edib. Polis onu qanlı əllərlə aşkar edib. Şübhəli ilkin ifadəsində naməlum şəxslərin ailəsinə hücum etdiyini və onları müdafiə etməyə çalışdığını bildirib.
Araşdırmalar zamanı məlum olub ki, İlmır qumar asılılığından əziyyət çəkirmiş. Bu səbəbdən həyat yoldaşı ilə daim mübahisələr yaşanıb. O, plastik pəncərələrin quraşdırılması üzrə fəaliyyət göstərən bir şirkətdə işləyib, lakin davamlı olaraq onlayn kazino oyunlarında pul itirib. Hər həftə 50 min rubla qədər borc alıb və itirdiyi məbləği “qaytarmaq” ümidi ilə yenidən riskə girib.
Qeyd olunur ki, ailə ciddi maliyyə çətinliyi ilə üzləşmişdi. Öldürülən Yelizaveta özü də ödəyə bilmədiyi kreditlərə giribmiş və məhkəmə qərarı ilə müxtəlif banklara 130 min rubldan çox borclu idi.
Bakupost.az