Ekspertlər Məclisinin Müctəba Xameneinin İranın üçüncü dini lideri seçilməsi barədə xəbərlər dünya mediasında geniş rezonans doğurub. ABŞ və İsrailin fevralın 28-də başladığı hava hücumları nəticəsində öldürülən Əli Xameneinin oğlunun “böyük səs çoxluğu ilə” seçilməsinin nə məna daşıdığı müzakirə olunur.
Bakupost.az xəbər verir ki, rəsmi vəzifəsi olmasa da, 56 yaşlı Müctəba Xamenei uzun illərdir ölkənin ən təsirli fiqurlarından biri hesab edilir. Bununla belə, o, ictimaiyyət qarşısında nadir hallarda görünür və demək olar ki, çıxış etmir. Bu səbəbdən İran cəmiyyətində belə onun şəxsiyyəti müəyyən qədər sirli qalır.
BBC yazır ki, son hücumlarda atasını, anasını, həyat yoldaşını və oğullarından birini itirən bir şəxsin Qərbin təzyiqlərinə boyun əyməsi gözlənilmir. Eyni zamanda vurğulanır ki, Müctəba Xamenei hakimiyyətin irsi şəkildə ötürüldüyü barədə tənqidlər fonunda özünü sübut etməli, həmçinin ölkədəki siyasi və iqtisadi böhranlara həll tapmalıdır.
Kanal xatırladır ki, İsrail ötən həftə Xameneinin yerinə kim keçməsindən asılı olmayaraq İran rəhbərliyinin hədəf ola biləcəyini açıqlamışdı. CNN isə ABŞ prezidenti Donald Trumpın Müctəba Xameneinin ali lider seçilməsini qəbul etməyəcəklərini dediyini yazıb.
Beyrutdakı “Carnegie Middle East Center”in direktoru Maha Yəhya CNN-ə bildirib ki, İran rəhbərliyi bu seçimlə “rejimin davam edəcəyi” mesajını vermək istəyir və ABŞ ilə İsrailin təzyiqlərinin Tehranın mövqeyində dəyişiklik yaratmayacağını göstərir.
“Johns Hopkins” Universitində İran və şiəlik barədə mühazirələr oxuyan Vali Nəsr isə “The New York Times” (NYT) qəzetinə açıqlamasında bildirib ki, Müctəba Xameneinin seçilməsi atasının siyasətinin davamı mesajını verir. Onun sözlərinə görə, o, digər namizədlərlə müqayisədə hakimiyyət daxilində qüvvələri daha tez birləşdirərək sistem üzərində nəzarəti ələ almağa hazırdır.
Qəzet həmçinin Tehranlı analitik Mehdi Rəhmətinin fikirlərinə yer verib. Analitikə görə, Müctəba Xamenei təhlükəsizlik və hərbi strukturları idarə etmək və koordinasiya etmək təcrübəsinə malik olduğu üçün ən məntiqli seçim sayılır.
NYT yazır ki, Xamenei ailəsinə yaxın siyasətçilərdən Əbdülrza Davari Müctəba Xameneini Məhəmməd bin Salmana bənzədərək onun ABŞ ilə gərginliyi azaltmaq üçün addımlar ata biləcək yeganə şəxs olduğunu bildirib. Davari iddia edir ki, başqa bir lider seçilsə, bu, hakimiyyət dairələri və mühafizəkarlar tərəfindən müqavimətlə qarşılaşa bilər.
Əli Xameneinin rəsmi saytındakı məlumatlara görə, Müctəba Xamenei 1969-cu ildə Məşhəd şəhərində doğulub. O, Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə evlərinə edilən basqınlardan birində atasının döyüldüyünə şahid olub.
1979-cu ildə İran İslam İnqilabından sonra ailə Tehrana köçüb. Sonradan atasının siyasi nüfuzu artarkən, Müctəba Xamenei də 1980-1988-ci illərdə İran İraq müharibəsi zamanı cəbhədə iştirak edib.
Müharibə dövründə sonradan İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) mühüm vəzifələrə gələcək şəxslərlə tanış olduğu bildirilir. Onun siyasi təsiri xüsusilə 2000-ci illərin ortalarından etibarən daha geniş şəkildə müzakirə olunmağa başlayıb.
İranın islahatçı düşərgəsi isə 2005 və 2009-cu illərdə keçirilən prezident seçkilərində Mahmud Əhmədinejadın qələbəsində Müctəba Xameneinin rolunun olduğunu iddia edib.
2019-cu ildə ABŞ onu SEPAH və Bəsic yaraqlıları ilə birlikdə “atasının regional siyasətini və ölkə daxilində repressiv siyasəti dəstəklədiyi” iddiası ilə sanksiya siyahısına daxil edib.
2022-ci ildə Məhsa Əmininin saxlanıldıqdan sonra ölümü ilə başlayan ölkəmiqyaslı etirazlar zamanı Müctəba Xamenei də etirazçıların hədəfinə çevrilmişdi. Ev dustaqlığında olan keçmiş prezidentliyə namizəd Mir Hüseyn Musəvi isə Əli Xameneidən oğlunu öz yerinə hazırladığı barədə iddiaları təkzib etməsini istəmiş, lakin buna cavab verilməmişdi.
Dini rejimin qurucusu Ruhulla Xomeyni və onun varisi Əli Xamenei dövründə ali liderliyin atadan oğula keçməsinin İslam prinsiplərinə uyğun olmadığı tez-tez müzakirə olunurdu. Buna baxmayaraq, bəzi ekspertlər hesab edir ki, Müctəba Xameneinin dini və idarəetmə təcrübəsi bu vəzifə üçün yetərli hesab olunmur və onun seçilməsi mübahisələrə səbəb ola bilər.
Cavid, BakuPost