Müğənni Firuzə Babayeva tanınmış prodüser Roland Bayramov tərəfindən aldadıldığını iddia edir.
“Bakupost” xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, 4-5 ay əvvəl Roland Bayramovla əməkdaşlığa başlayıb. Lakin sonradan prodüserin işindən narazı qalıb. Onun sözlərinə görə, indi nə pulunu geri ala bilir, nə də işləri tam şəkildə ona təhvil verilir:
“Mənə dedi ki, filan şeylər etməliyik. Mən də nə dedisə etdim. Çünki inandım ki, bu prodüserdirsə və bir çox məşhur müğənnilərlə işləyirsə, təbii ki, onun bildiyi nəsə var. Amma gördüm ki, yox, elə deyil. Çünki pulu alır, yeyir, amma işi təhvil verə bilmir. Dəfələrlə dedim ki, mənim işlərimi təhvil ver, yoxsa pulumu qaytar. “Sabah,sabah” deyə-deyə mənim cəmi üç işimi verib. Halbuki beş kover oxumuşam. Bunun ikisini hələ saxlayır. Yəqin pulu alıb yemisən deyə, həmin adam da sənə işi vermir.
Mənim heç kimin dədəsinə borcum yoxdur. Mən heç bir kişinin pulunu yemirəm. Özüm qazanıram, əziyyət çəkirəm. Öz pulumla da işlərimi görürəm. Sən mənim pulumu yeyə bilməzsən”.
Müğənni aidiyyəti qurumlara ərizə ilə müraciət edəcəyini də bildirib.
İddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki, Roland Bayramov uzun müddət tanınmış şəxslərlə çalışıb, müxtəlif konsertlərin təşkilatçısı kimi fəaliyyət göstərib.
Xatırladaq ki, prodüserin adı bir neçə ay əvvəl Hövsandakı adam oğurluğu qalmaqalında da hallanırdı.
Lalə, BakuPost